Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən daxil olan materiallar əsasında araşdırma başlanıb.
İstintaqın iddiasına görə, 2021-ci il parlament seçkilərində “Hayastan” blokunu dəstəkləyən siyasətçi və həmin blokun parlament siyahısında yer alan deputat Andranik Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
Məlumata görə, Tevanyan “Rusiya Qafqaz” geosiyasi mərkəzinin rəhbəri olan xarici xüsusi xidmət nümayəndəsinin tapşırığı ilə casusluq fəaliyyəti həyata keçirib.
İddia olunur ki, o, Ermənistan parlamentində 2024-cü ilin aprelində keçirilmiş qapalı və məxfi iclasın gedişi və nəticələri barədə dövlət sirri təşkil edən məlumatları rus dilinə tərcümə edərək 622 min ABŞ dolları qarşılığında qarşı tərəfə ötürüb.
Ermənistan İstintaq Komitəsi qeyd edib ki, bununla Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurulduğu hesab edilir.
Faktla bağlı dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az