Ordu.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalında Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, yeni bölmə İnsan Hüquqlarının Müdafiəsi Departamentinin nəzdində fəaliyyət göstərəcək.
“Bu bölmənin əsas funksiyası nifrət nitqi hallarını aşkar etmək və müvafiq hüquqi tədbirlərin görülməsini təmin etmək olacaq”, - deyə Daraxvelidze bildirib.
Nazir müavini qeyd edib ki, bölmə konkret şəxslərin ləyaqətini alçaldan və qanunla qadağan olunan bütün halları araşdıracaq.
“Onlar bu halları aktiv şəkildə izləyəcək və hər bir işin ayrıca araşdırılması üçün məhkəməyə təqdim edəcəklər”, - deyə o vurğulayıb.
Daraxvelidzenin sözlərinə görə, dövlət insan ləyaqətini qorumağa borcludur.
“Hamımız razıyıq ki, nifrət nitqi və şəxsi hücumlar söz azadlığı anlayışına daxil deyil. Söz azadlığının harada bitdiyini və nifrət yaradan bəyanatların harada başladığını müəyyənləşdirmək vacibdir”, - deyə o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze Daxili İşlər Nazirliyində nifrət nitqinin qarşısını almaq üçün xüsusi bölmə yaradılacağını açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az