İsrail Qəzzaya gedən donanmadakı bütün Fələstin tərəfdarı fəalların deportasiya edildiyini açıqlayıb

2026/05/1779278602.jpg
Oxunub: 360     21:17     21 May 2026    
İsrail Qəzzaya doğru hərəkət edən donanmadakı bütün xarici fəalların deportasiya edildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oren Marmorşteyn bildirib ki, “PR donanması”nın bütün xarici fəalları İsraildən çıxarılıb.

“İsrail Qəzza zolağına tətbiq olunan qanuni dəniz blokadasının pozulmasına icazə verməyəcək”, - deyə o vurğulayıb.

Fəalların maraqlarını müdafiə edən hüquq mərkəzi daha əvvəl açıqlamışdı ki, donanma üzvlərinin əksəriyyəti İsrailin cənubundakı Ramon hava limanından deportasiya edilir.

Məlumata görə, fəallar Qəzza yaxınlığındakı Negev səhrasında yerləşən “Ktziot” həbsxanasında saxlanılırdı.

Türkiyə isə öz növbəsində İsrailə xüsusi çarter reysləri göndərdiyini açıqlayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri bildirib ki, Türkiyə vətəndaşlarını və üçüncü ölkələrin iştirakçılarını daşımaq üçün Ramon hava limanına 400-dən çox sərnişin tutumuna malik üç təyyarə göndərilib.

Məlumata görə, Misir fəalları Misir-İsrail sərhədində yerləşən Taba şəhərinə, İordaniya fəalları isə Əqabəyə aparılıb.

Dünyanın müxtəlif ölkələrindən 430-dan çox fəal İsrail tərəfindən saxlanılmışdı. Onlar bazar ertəsi Qəzza blokadasını yarmağa cəhd göstərərkən dənizdə saxlanılıblar.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin çərşənbə günü əlləri bağlanmış və yerdə uzadılmış fəalların görüntülərini paylaşması isə dünya üzrə geniş narazılıq yaradıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin