Ordu.az xəbər verir ki, tamamilə şirkətin öz resursları ilə hazırlanan platforma yüksək sürət, modul arxitektura və xərc baxımından səmərəli quruluşu ilə sərginin diqqətçəkən sistemlərindən biri olub.
Modul quruluşu sayəsində uzaqdan idarə olunan silah sistemləri, qumbaraatanlar, sensor paketləri, FPV pilotsuz uçuş aparatları və logistika modulları kimi müxtəlif faydalı yüklərin sürətlə inteqrasiya olunmasına imkan verən 4x4 təkərli insansız quru platforması kəşfiyyat, müşahidə, döyüş və logistika dəstəyi kimi fərqli əməliyyatlar üçün nəzərdə tutulub.
“Tekatron Elektron Sistemlər” komanda rəhbəri Beyza Yılmaz “Defensehere.com”a açıqlamasında platformanın xüsusiyyətlərini izah edib.
Yılmaz bildirib ki, SAHA 2026-da platformanın təqdimatını həyata keçiriblər.
“Platformamız yüz faiz elektrikli, təkərli sistemdir. Bir çox müxtəlif idarəetmə infrastrukturuna malikdir. Simli və simsiz istifadə oluna bilir. Simsiz şəkildə radiofrekans rabitə sisteminə sahibdir. Eyni zamanda 4G üzərindən də idarə etmək mümkündür”, - deyə o bildirib.
Platformanın modul quruluşuna diqqət çəkən Yılmaz bildirib ki, müxtəlif tapşırıq konsepsiyalarına uyğun inteqrasiyalar mümkündür.
“Platforma modul dizayna malikdir, müxtəlif faydalı yüklər üzərinə inteqrasiya oluna bilir. İyirmiyə qədər FPV pilotsuz uçuş aparatı inteqrasiyasına imkan verən bir sistemdir”, - deyə o vurğulayıb.
Yılmaz əlavə edib ki, platforma yalnız döyüş üçün deyil, logistika və təxliyə əməliyyatları üçün də istifadə oluna bilər.
“Məsələn, yük səbəti inteqrasiya oluna bilir və logistika məqsədilə istifadə edilə bilir. Xərək də inteqrasiya oluna bilir. Yaralı hərbçinin təhlükəsiz bölgəyə daşınması üçün istifadə oluna bilər. Yaxud daha fərqli, daha qabiliyyətli silah sistemləri də inteqrasiya olunur. Modul xüsusiyyətə malik sistemdir”, - deyə o bildirib.
Texniki göstəricilərə toxunan Yılmaz platformanın 500 kiloqram çəkidə olduğunu və 300 kiloqrama qədər faydalı yük daşıya bildiyini qeyd edib.
“Platformanın özü 500 kiloqramdır. 300 kiloqrama qədər faydalı yük daşıma qabiliyyətinə malikdir. Bundan başqa, LOS mühitində radiofrekans rabitə sistemi ilə 3 kilometr məsafədən idarə edilə bilir”, - deyə o bildirib.
Yeni nəsil texnologiyalarla hazırlanan platformanın elektrik mühərrikləri və batareya sistemi ilə işlədiyini deyən Yılmaz, insansız quru platformasının SAHA EXPO-da həm daxili, həm də xarici istifadəçilərin böyük marağına səbəb olduğunu bildirib.
Yılmaz açıqlamasını belə tamamlayıb: “Həm Türkiyə Silahlı Qüvvələrinin istifadəsi, həm də dost və müttəfiq ölkələrin istifadəsi üçün gözəl bir məhsul ortaya çıxardıq. Ümid edirik ki, planlaşdırıldığı kimi öz vəzifələrini yerinə yetirəcək”.
Sevinc Əliyeva
Ordu.az