“Digitest”dən yeni nəsil HHM sistemi GATREX: “Havada bir qala”

2026/05/1779381927.jpg
Oxunub: 539     20:41     21 May 2026    
“Digitest” Direktorlar Şurasının üzvü Ərdəm Erseven şirkətin yeni nəsil hava hücumundan müdafiə sistemi “GATREX” barədə mühüm məlumatlar verib.

Ordu.az xəbər verir ki, Erseven 25 illik köklü şirkət olduqlarını və müdafiə sənayesində geniş məhsul çeşidinə sahib olduqlarını vurğulayıb.

O, GATREX-i “havada bir qala” kimi dəyərləndirərək sistemin iş prinsipini belə izah edib:

“Üzərində altı lüləli 7.62 çaplı ağır pulemyotumuz var. Biz bu məhsulu havada bir qala kimi qiymətləndiririk. Altındakı sistem taret kimi davranır, üstündə isə öz pilotsuz uçuş aparatı yerləşir. Bu taret istənilən yerə yerləşdirilə bilir və lazım gəldikdə həm yük daşıma, həm də pilot daşınması kimi fövqəladə ssenarilərdə istifadə oluna bilir”.

Erseven sistemin texniki xüsusiyyətlərindən də danışaraq bildirib ki, GATREX 2,5 kilometr hündürlüyə qalxa bilir və hibrid mühərrik quruluşuna malikdir.

“Bizdə həm generatorlu, həm də elektrik mühərriki var. Bu, bizə daha uzun işləmə müddəti və daha yüksək güc verir. Bunun sayəsində 150 kiloqram kimi yüksək daşıma qabiliyyətinə sahib oluruq”, - deyə o bildirib.

Yeni tip müharibələrdə pilotsuz uçuş aparatı təhdidinin dəyişdiyini vurğulayan Erseven GATREX-in düşmən pilotsuz uçuş aparatlarını hədəf bölgəyə yaxınlaşmadan məhv edə bildiyini söyləyib.

“Pilotsuz uçuş aparatları artıq daha yüksək hündürlükdən gəlir. Bizim məqsədimiz budur: pilotsuz uçuş aparatları bizə çatmadan bu qurğu havaya qalxır, orada yerləşir və qala kimi davranır. Yerdəki radarlarımızdan məlumat alır və pilotsuz uçuş aparatı yaxınlaşmamış onu havada zərərsizləşdirir”, - deyə o qeyd edib.

Sistemin yalnız “hard kill” həlli ilə məhdudlaşmadığını bildirən Erseven əlavə edib ki, yan hissəyə yerləşdirilə bilən pilotsuz uçuş aparatları da mövcuddur.

“Yuxarıdan sürü halında pilotsuz uçuş aparatı təhdidi yarananda, silahın yetərli olmadığı nöqtələrdə bu pilotsuz uçuş aparatları ayrılıb hədəfə gedə bilir. İstəsək, hava dəstəyi kimi minaatan da yerləşdirə bilirik”, - deyə o bildirib.

Erseven həmçinin “Starlink” adlı pilotsuz uçuş aparatı vasitəsilə əməliyyat məsafəsini artırdıqlarını qeyd edib.

“Starlink” pilotsuz uçuş aparatımız əməliyyat məsafəmizi artırmaq üçün peyk funksiyası yerinə yetirir. Onunla birlikdə havada əməliyyat bölgəsinə dair məsafəmizi genişləndirə bilirik”, - deyə o bildirib.

GATREX-in 3 min güllə tutumlu daraqla təchiz olunduğunu bildirən Erseven layihənin prezident Rəcəb Tayyib Ərdoğanın vizyonu istiqamətində Müdafiə Sənayesi Komitəsi və digər qurumlarla birlikdə hazırlandığını söyləyib.

Sınaq proseslərinin də başa çatdığını deyən Erseven sözlərini belə tamamlayıb: “Silahımızın kvalifikasiya sınaqları bitib. Düşünürük ki, bu sistem bir neçə ay ərzində inventara daxil olacaq”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Digitest   GATREX  


Bizi "telegram"da izləyin