Ordu.az xəbər verir ki, sualtı texnologiyaları sahəsində fəaliyyət göstərən ARMELSAN SAVUNMA şirkəti hazırladığı yerli həllərlə dənizaltı müdafiə müharibəsi sahəsində yeni məhsulları istifadəyə verməyə hazırlaşır.
ARMELSAN SAVUNMA-nın baş direktoru Güray Aybar bildirib ki, yerli mina axtarma sonar sistemi NUSRAT-1915 dəniz sınaqlarını uğurla başa vurub və platforma inteqrasiyası mərhələsinə keçib.
Aybar qeyd edib ki, NUSRAT-1915 uzun illər ərzində türk mühəndisləri tərəfindən hazırlanıb.
Onun sözlərinə görə, mina axtarma sonar sistemi Türkiyə üçün ciddi ehtiyac hesab olunur və bu sahədə dəniz sınaqlarını uğurla tamamlayan yeganə yerli şirkət ARMELSAN SAVUNMA-dır.
Baş direktor bildirib ki, növbəti mərhələdə sistemin gəmilərə inteqrasiyası həyata keçiriləcək və ilk növbədə “Engin” sinfinə məxsus gəmilərdə istifadəsi planlaşdırılır.
2026-cı ilin sonunadək ilk inteqrasiya işlərinin başa çatdırılması nəzərdə tutulur.
Aybar vurğulayıb ki, NUSRAT-1915 hazırda istifadə olunan xarici sonar sistemləri ilə müqayisədə daha yüksək performans göstərir.
Onun sözlərinə görə, sistem dib minaları, zəncirli minalar, manta tipli minalar və digər suüstü təhdidləri uzaq məsafədən aşkar, izləmə və təsnif etmə qabiliyyətinə malikdir.
Aybar əlavə edib ki, sistem inteqrasiya olunduqdan sonra mövcud qabiliyyətlə müqayisədə iki dəfə artıq məsafədə aşkarlama və daha yüksək performans təmin ediləcək.
Şirkətin eyni zamanda insansız dəniz platformaları üçün daha kompakt sonar sistemi üzərində də işlədiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az