Ordu.az xəbər verir ki, Keleş “Tolga Özbek”ə müsahibəsində EFES-2026 zamanı istifadə edilən çoxsaylı sursat, silah və sistemdə MKE-nin aktiv rol oynadığını bildirib.
“Makina Kimya” təlimin hər sahəsində iştirak edir”, - deyə o qeyd edib.
Keleş vurğulayıb ki, təlimdə hava, quru və dəniz qüvvələrinin istifadə etdiyi sistemlərin böyük hissəsi MKE tərəfindən istehsal olunur.
Onun sözlərinə görə, şirkət təyyarə bombalarından gəmi toplarına, piyada tüfənglərindən artilleriya sursatlarına qədər geniş məhsul çeşidinə malikdir.
Baş direktor son dövrdə diqqət çəkən TOLGA sistemi barədə də məlumat verib.
O bildirib ki, TOLGA yalnız silah sistemi deyil, radar, komanda-idarəetmə, “soft-kill” və “hard-kill” elementlərini eyni arxitekturada birləşdirən kompleks həll yoludur.
TOLGAnın AESA radar, süni zəka dəstəkli komanda-idarəetmə infrastrukturu, lazer və mikrodalğa əsaslı həllərlə fərqli çaplı silah sistemlərini bir araya gətirdiyi qeyd olunub.
Keleş bildirib ki, sistem müxtəlif intensivlikdə hava təhdidlərinə qarşı təbəqəli müdafiə təmin edir.
Onun sözlərinə görə, aşağı xərcli kamikadze pilotsuz uçuş aparatlarına qarşı milyonlarla dollar dəyərində hava hücumundan müdafiə raketlərindən istifadə davamlı metod deyil.
TOLGA sisteminin bu tip təhdidlərə qarşı daha aşağı xərcli və davamlı həll təqdim etmək məqsədilə hazırlandığı vurğulanıb.
Keleş əlavə edib ki, TOLGA tamamilə milli imkanlarla hazırlanıb və sistemdə xarici asılılıq yoxdur.
MKE-nin Misir, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrlə birgə istehsal layihələri üzərində çalışdığı da bildirilib.
Sevinc Əliyeva
Ordu.az