Ordu.az xəbər verir ki, İzmirin Səfərihisar rayonundakı Doğanbəy Təlim Bölgəsində keçirilən fəaliyyət çərçivəsində 20 ədəd kamikadze tipli pilotsuz uçuş aparatı KARGU-dan ibarət sürü konsepsiyası dünyada ilk dəfə hərbi təlim ssenarisində həqiqi sursatdan istifadə etməklə hədəflərə eyni vaxtda hücum həyata keçirib.
EFES-2026 təliminin gecə mərhələsində STM tərəfindən hazırlanmış KARGU zərbə pilotsuz uçuş aparatları sürü zəka infrastrukturu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib.
Tamamilə milli alqoritmlər və paylanmış arxitekturaya malik sürü zəka infrastrukturu ilə təchiz edilən 20 KARGU bir operatorun idarəsi altında havaya qalxaraq hədəf bölgəsinə avtonom şəkildə intiqal edib.
Təlimin praktiki atış mərhələsində iştirak edən sürü hədəfləri avtonom şəkildə aşkar edib və təsnifləndirib. Pilotsuz uçuş aparatları arasında real vaxt rejimində məlumat paylaşımı və koordinasiya təmin olunub.
Sürü daxilindəki KARGU-lar eyni vaxtda saturasiya hücumu həyata keçirərək piyada əleyhinə döyüş başlıqlarını hədəflər üzərində uğurla partladıb. 20 KARGU-dan ibarət sürünün həqiqi sursatla eyni vaxtda hücum həyata keçirdiyi əməliyyat dünya müdafiə ədəbiyyatında ilk hadisə kimi qeydə alınıb.
EFES-2026-nın Yüksək Səviyyəli Müşahidəçi Günündə keçirilən əməliyyatı Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu, qoşun növləri komandanları və müxtəlif ölkələrdən gələn yüksək səviyyəli hərbi nümayəndə heyətləri yerində izləyib.
STM-nin baş direktoru Özgür Güləryüz bildirib ki, əldə edilən uğur Türkiyənin avtonom müharibə texnologiyalarındakı mövqeyini daha da gücləndirib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvarında Ankara Polatlıda keçirilən sahə sınaqlarından sonra bu qabiliyyət EFES-2026 təlimində daha yüksək səviyyəyə çatdırılıb.
KARGU 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub və hazırda terrorla mübarizə, xüsusi əməliyyatlar və sərhəddənkənar əməliyyatlarda aktiv istifadə edilir.
Pilotsuz uçuş aparatı bu günədək dörd fərqli qitədə ümumilikdə 15 ölkəyə ixrac olunub.
Sevinc Əliyeva
Ordu.az