Ordu.az xəbər verir ki, Köçəryan bu barədə Talin şəhərinin sakinləri ilə görüş zamanı danışıb.
Köçəryan bildirib ki, vəziyyət ilk baxışdan göründüyündən daha ciddidir.
“Ermənistanı zəiflətmək üçün çalışan şəxsləri qovmalıyıq. Beş il əvvəl kimin ağlına gələrdi ki, Ermənistanda hakimiyyət kilsəyə qarşı hücuma keçəcək? Kimlik əleyhinə kampaniya başlayacaq? Ağrı ilə Alagözü qarşı-qarşıya qoyacaqlar? Düşünürəm ki, heç kimin”, - deyə o qeyd edib.
Sabiq erməni prezident xatırladıb ki, 2021-ci ildə Mədəniyyət Nazirliyi ləğv olunub və bunun səbəbi barədə cəmiyyət düşünməli idi.
Onun fikrincə, eyni məqsədlə Diaspor və Kənd Təsərrüfatı nazirlikləri də ləğv edilib.
“Kənd təsərrüfatında bütün göstəricilər üzrə geriləmə qeydə alınır. Ola bilsin ki, 300 min azərbaycanlı üçün yer hazırlayırlar və kimliyi zəiflədərək bizi buna alışdırmağa çalışırlar”, - deyə Köçəryan vurğulayıb.
O, bu planın Ermənistan tarixinin “ən böyük xəyanətkarı” tərəfindən həyata keçirildiyini iddia edib.
Köçəryan əlavə edib ki, hakimiyyət demokratiyadan danışsa da, müxalifət nümayəndələrinə qarşı cinayət işləri açılır.
Alpər Mövludoğlu
Ordu.az