Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, Ben-Qvir Qəzzaya doğru hərəkət edən donanmanın saxlanılan fəallarının diz çökdürülmüş və əlləri bağlanmış vəziyyətdə görüntüləndiyi video yayımlayıb.
İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, beynəlxalq sularda fəalların saxlanılması, təqib edilməsi və alçaldılması insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
İrlandiya və İspaniya da Ben-Qvirə qarşı sanksiya çağırışlarına qoşulub.
İtaliyanın Baş naziri Corcia Meloni saxlanılan italiyalı fəalların dərhal azad edilməsinə çağırıb və İsraildən üzr istənilməsini tələb edib.
Fransa hadisəyə etiraz olaraq İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində paylaşım edərək Fransanın baş verənlərdən ciddi narahatlıq keçirdiyini bildirib.
İsraildə Almaniyanın səfiri Ştefen Zaybert isə fəallarla rəftarı “tamamilə qəbuledilməz” adlandırıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares də hadisəni “dəhşətli, biabırçı və qeyri-insani” kimi qiymətləndirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Ben-Qvirin hərəkətlərinin İsrailin dəyərlərinə uyğun olmadığını bildirib və fəalların mümkün qədər tez deportasiya olunmasını tapşırdığını açıqlayıb.
Bundan əvvəl İsrail Qəzza sahillərinə doğru hərəkət edən “Sumud” donanmasının bütün gəmilərinin saxlanıldığını açıqlamışdı. Hadəisə zamanı 430 fələstin tərəfdarı fəal, o cümlədən İtaliya parlamentinin bir deputatı saxlanılıb.
Ben-Qvir saxlanılan şəxslərin diz çökdürüldüyü fotoları paylaşaraq “terrorçuların tərəfdarlarını belə qarşılayırıq” sözlərini yazıb.
İsrail tərəfi aksiyanı HƏMAS-ın maraqlarına xidmət edən “PR addımı” adlandırıb. Donanma iştirakçıları isə məqsədlərinin Qəzzanın dəniz blokadasını yarmaq və humanitar dəhliz yaratmaq olduğunu bildiriblər.
Sevinc Əliyeva
Ordu.az