“Air France” və “Airbus” 2009-cu il aviaqəzası ilə bağlı təqsirli bilinib

2026/05/1779377575.jpg
Oxunub: 319     19:18     21 May 2026    
“Air France” və “Airbus” şirkətləri 2009-cu ildə baş verən aviaqəza nəticəsində 228 nəfərin ölümü ilə bağlı ehtiyatsızlıqdan adam öldürmə ittihamı üzrə təqsirli bilinib.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Paris Apellyasiya Məhkəməsi Rio-de-Janeyrodan Parisə həyata keçirilən AF447 reysinin Atlantik okeanında qəzaya uğraması ilə bağlı aviaşirkəti və təyyarə istehsalçısını şirkət əməkdaşlarının ehtiyatsızlıqdan ölümünə görə günahkar hesab edib.

Məlumata görə, sərnişin təyyarəsi fırtına zamanı idarəetməni itirərək okeana düşüb və nəticədə göyərtədə olan bütün şəxslər həlak olub.

Qeyd edək ki, 2023-cü ilin aprelində məhkəmə şirkətlərə bəraət qazandırmışdı, lakin apellyasiya baxışından sonra onlar yenidən təqsirli biliniblər.

“Airbus A330” təyyarəsi 2009-cu il iyunun 1-də fırtına zamanı radarlardan itib. Təyyarənin qalıqları uzunmüddətli axtarışlardan sonra okeanın dibində 10 min kvadrat kilometr ərazidə aşkarlanıb.

“Qara qutu” isə 2011-ci ildə bir neçə ay davam edən dərin su axtarışlarından sonra tapılıb. Təyyarədə olan 12 heyət üzvü və 216 sərnişinin hamısı təyyarənin 11 min 580 metr yüksəklikdən okeana düşməsi nəticəsində həlak olub. Bu hadisə Fransa aviasiya tarixinin ən ölümcül qəzası hesab edilir.

Məhkəmə qərarını dinləmək üçün Fransa, Braziliya və Almaniya vətəndaşlarından ibarət qurban ailələrinin nümayəndələri məhkəmə binası qarşısında toplaşıblar.

Şirkətlərə maksimum məbləğdə - hər birinə 225 min avro cərimə tətbiq olunması təklif edilib. Lakin bəzi qurban ailələri bu məbləği simvolik adlandıraraq tənqid ediblər.

Həm “Airbus”, həm də “Air France” ittihamları dəfələrlə rədd edib. Fransalı hüquqşünaslar onların yenidən apellyasiya şikayəti verəcəyini ehtimal edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Air-France   Airbus  


Bizi "telegram"da izləyin