NATO kəşfiyyatı: Kreml dəniz dibində nüvə raketləri yerləşdirmək layihəsi hazırlayır

2026/05/1779371242.jpg
Oxunub: 338     17:44     21 May 2026    
NATO-nun kəşfiyyat xidmətləri artıq bir müddətdir Rusiyanın Şimal Donanmasının fəaliyyətini izləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Tagesschau” WDR və NDR şirkətlərinin araşdırmasına istinadən məlumat yayıb.

Bu fəaliyyətlər dəniz dibində nüvə başlıqları daşıya bilən raketlərin yerləşdirilməsi cəhdlərini göstərə bilər.

“Skiflər” kod adlı məxfi layihənin artıq bir neçə ildir həyata keçirildiyi ehtimal olunur.

Son aylarda araşdırmaçılar peyk görüntülərini təhlil edib, rus elmi məlumat bazalarını və tarixi sənədləri incələyib, həmçinin hərbçilər və kəşfiyyatçılardan məlumat əldə ediblər. Dəniz dibində yerləşdirilən buraxılış qurğuları müharibə zamanı NATO üçün ciddi problem yarada bilər, çünki onları aşkarlamaq və zərərsizləşdirmək çətin olacaq.

Nüvə dövlətlərinin nüvə silahını dünya okeanının hər hansı hissəsində gizlədə bilməsi qorxusu hələ Soyuq müharibə illərindən mövcud idi. 1970-ci ildə BMT qətnaməsi ilə dənizlərin və okeanların dibində, eləcə də onların təkində nüvə silahının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə qəbul olunmuşdu. Daha sonra onu təxminən 80 ölkə, o cümlədən SSRİ və ABŞ imzalamışdı. Lakin bu halda “Skiflər” layihəsi çərçivəsində raketlərin Rusiyanın ərazisində, Şimal Buzlu okeanda yerləşdirilməsi nəzərdə tutulur.

Qərb kəşfiyyat mənbələrinə görə, onlar xüsusi hazırlanmış şaxtalarda və ya konteynerlərdə, bəzən bir neçə yüz metr dərinlikdə yerləşdirilə bilər. Yerləşdirildikdən sonra raketlər uzun müddət orada qala və zərurət yarandıqda uzaqdan buraxıla bilər.

NATO-dakı mənbələr bildirir ki, şaxtaların yerləşdirilməsi üçün Severodvinskdə yerləşən, dənizlə ağır texnika daşımaq üçün inşa edilmiş “Zvyozdochka” hərbi nəqliyyat gəmisi və ehtimal ki, “Sarov” xüsusi sualtı qayığı istifadə olunacaq.

Almaniya Hərbi Dəniz Qüvvələrinin zabiti və Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun dəvətli tədqiqatçısı Helge Adrians belə bir layihəni raketlərin buraxılışı üçün nəzərdə tutulan çox mürəkkəb və baha platformalardan, məsələn, sualtı qayıqlardan asılılığı azaltmaq cəhdi kimi qiymətləndirir. Onun fikrincə, sualtı şaxtalar vasitəsilə Rusiya məhdud maliyyə resursları şəraitində belə nüvə potensialını qoruyub saxlaya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Kreml   Rusiya  


Bizi "telegram"da izləyin