Avstraliya “Virginia” sinfinə məxsus sualtı qayıqlar üçün “Lockheed Martin” ilə razılaşma əldə edib

2026/05/loces-1779365536.jpg
Oxunub: 357     16:13     21 May 2026    
Avstraliya gələcəkdə inventara daxil ediləcək “Virginia” sinfinə məxsus sualtı qayıq parkının döyüş sistem inteqrasiyası üçün əsas tərəfdaş kimi “Lockheed Martin”i seçib.

Ordu.az xəbər verir ki, bu qərar Kanberra rəhbərliyinin AUKUS təhlükəsizlik sazişi çərçivəsində 2030-cu illərin əvvəlindən etibarən konvensional silahlarla təchiz olunmuş nüvə hərəkət sistemli sualtı qayıqları xidmətə alma planında yeni mərhələyə keçildiyini göstərir.

AUKUS razılaşması Avstraliya, Birləşmiş Krallıq və ABŞ arasında həyata keçirilən strateji müdafiə tərəfdaşlığını əhatə edir.

Razılaşma çərçivəsində “Lockheed Martin Australia” gələcək sualtı qayıqlar üçün döyüş sistemlərinin inteqrasiyası, sınaq prosesləri, baxım-idarəetmə fəaliyyəti və heyətin hazırlığından məsul olacaq. Şirkət həmçinin platformaların xidmət müddəti boyunca döyüş qabiliyyətlərinin qorunmasına və modernizasiya işlərinə dəstək verəcək.

“Lockheed Martin Australia” eyni zamanda Avstraliya Sualtı Qayıq Agentliyi və “ASC Pty Ltd” şirkəti ilə birlikdə işləyərək ölkənin yerli sənaye potensialının və texniki təcrübəsinin inkişafına töhfə verəcək.

Proqram çərçivəsində “Lockheed Martin Australia” daxilində təxminən 100 yeni iş yerinin yaradılması gözlənilir, ilk işlərin isə Qərbi Avstraliyada aparılacağı bildirilir.

Avstraliyanın Baş nazirin müavini Riçard Marles açıqlamasında deyib: “AUKUS planlandığı kimi irəliləyir və artıq tətbiq mərhələsindədir”.

Marles həmçinin alınan qərarlarla yerli sənaye və dəniz qüvvələri heyətinin ölkəni qoruyacaq və Avstraliyanın təhlükəsizliyini təmin edəcək konvensional silahlı nüvə sualtı qayıqlarını işlətmək və saxlamaq üçün lazım olan bacarıqlarla təmin edildiyini bildirib.

ABŞ ilə tam uyğunluq hədəfi

Kanberra rəhbərliyi bildirib ki, hazırlanacaq döyüş sistemləri Avstraliyanın inventarına qatacağı sualtı qayıqlarla ABŞ donanmasının mövcud “Virginia” sinfinə məxsus parkı arasında koordinasiyanı və birgə əməliyyat qabiliyyətini gücləndirəcək.

Sözügedən sistemlər Avstraliyanın təhvil alacağı 3 ədəd “Virginia” sinfinə məxsus sualtı qayığa inteqrasiya ediləcək. Bu platformalar sonradan Britaniya və ABŞ ilə birgə hazırlanacaq SSN-AUKUS sinfinə məxsus sualtı qayıqlara keçid prosesində aralıq həll kimi xidmət edəcək.

Planlaşdırmaya görə 5 ədəd SSN-AUKUS sualtı qayığı Avstraliya Kral Donanmasının mövcud Collins sinfinə məxsus sualtı qayıqlarını əvəz edəcək. Bundan əlavə, uzunmüddətli perspektivdə 12 ədədə qədər AUKUS sinfinə məxsus sualtı qayıqların da Britaniya Kral Donanmasının Astute sinfinə məxsus platformalarının yerini alması nəzərdə tutulur.

“Lockheed Martin Rotary and Mission Systems”in prezidenti Stefani Hill açıqlamasında şirkətin ABŞ Donanması üçün 60 ildən artıqdır ki, sualtı qayıq döyüş sistemlərinin inteqrasiyasını həyata keçirdiyini vurğulayaraq bunları deyib:

“Ekspertliyimiz sayəsində Avstraliya və ABŞ donanmaları arasında tam uyğunluğa malik birgə əməliyyat qabiliyyətinin təmin ediləcəyinə inanırıq. Beləliklə, SSN donanması Hind-Sakit okean bölgəsinin dəyişən təhlükəsizlik ehtiyaclarına cavab verə biləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Virginia  


Bizi "telegram"da izləyin