İtaliya “Airbus”a A330 MRTT sifarişi verib

2026/05/tanke-1779365493.jpg
Oxunub: 404     16:10     21 May 2026    
İtaliya “Airbus” ilə A330 “Multi Role Tanker Transport” (MRTT) tipli tanker-nəqliyyat təyyarələrinin tədarükü üçün 1,39 milyard avro dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avropa İttifaqının onlayn tədarük portalında yayımlanan məlumata görə, razılaşma 6 platformanın təhvilini və təxminən 10 illik inteqrə edilmiş logistika dəstəyini əhatə edir.

Sözügedən tədarük proqramı İtaliya Hərbi Hava Qüvvələrinin inventarında 2011-ci ildən xidmət göstərən 4 ədəd “Boeing” KC-767 tanker təyyarəsinin yerini alacaq.

İtaliyanın müdafiə tədarük qurumu tərəfindən 2026-cı ilin aprelində yayımlanan ayrıca sənəddə də tanker təyyarəsi proqramı kritik layihələr arasında göstərilib. Lakin sənəddə müqavilənin fevral ayında imzalandığı və proqram müddətinin 8 il olduğu qeyd olunub.

Avropadakı məhdud tenderə dair sənədlərdə “Airbus”ın yeganə təklif verən şirkət olduğu bildirilir.

“Breaking Defense”in məlumatına görə, İtaliya Müdafiə Nazirliyi ilə “Airbus” tərəfi sözügedən razılaşma ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

NATO ölkələrində geniş istifadə olunur

“Airbus” A330 MRTT platforması hazırda İspaniya, Avstraliya, Fransa, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Krallıq tərəfindən aktiv şəkildə istifadə olunur.

Bundan əlavə, bəzi NATO üzvləri də alyansın “Multinational MRTT Fleet” proqramı çərçivəsində ortaq A330 MRTT donanmasından yararlanır.

A330 MRTT-nin texniki xüsusiyyətləri

“Airbus” A330 MRTT 59 metr uzunluğa, 60 metr qanad açılımına və 111 min kiloqram yanacaq tutumuna malikdir. Platforma bu sayədə uzunmənzilli tapşırıqlarda mühüm əməliyyat qabiliyyəti təqdim edir.

Tapşırıq konfiqurasiyasından asılı olaraq təyyarə 45 min kiloqram faydalı yük və ya 290 sərnişin daşıya bilir.

Platformada qoşa “Rolls-Royce Trent 772B”, qoşa “General Electric CF6-80E1” və ya qoşa “Pratt & Whitney PW4170” mühərrik seçimləri istifadə oluna bilir. Mühərriklərin ümumi güc çıxışı isə 340 min ilə 360 min beygir arasında dəyişir.

A330 MRTT-nin maksimal sürəti 475 knot (saatda 880 kilometr), uçuş məsafəsi 8 min dəniz mili (14 min 816 kilometr), xidmət tavanı isə 13 min metr səviyyəsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Airbus   MRTT  


Bizi "telegram"da izləyin