“Reuters”: ABŞ BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyir

2024/10/1728278303.jpg
Oxunub: 317     14:40     21 May 2026    
ABŞ BMT-dəki fələstinli diplomatların vizalarını ləğv etməklə hədələyir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton BMT-də Fələstinin daimi müşahidəçisi Riyad Mənsurun Baş Assambleya sədrinin müavini vəzifəsinə namizədliyini geri götürməsinə nail olmağa çalışır.

Mayın 20-də ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına göndərilən teleqramda Fələstin tərəfinə bildirilməsi tələb olunub ki, Vaşinqtonun fikrincə, Mənsurun bu vəzifəyə namizədliyi “gərginliyi artırır” və ABŞ Prezidenti Donald Trampın Qəzza sektoru ilə bağlı sülh planının iflasına səbəb ola bilər.

“Fələstin nümayəndə heyəti Baş Assambleya sədrinin müavini vəzifəsinə namizədliyi geri götürməsə, Fələstin administrasiyasını məsuliyyətə cəlb edəcəyik”, - deyə agentlik teleqramdan sitat gətirib.

Qeyd olunub ki, ABŞ BMT-dəki Fələstin nümayəndəliyi üzvlərinin vizalarının ləğvini də mümkün variant hesab edir.

Agentlik xatırladıb ki, Riyad Mənsur daha əvvəl BMT Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini geri götürmüşdü. Lakin Vaşinqton hesab edir ki, onun daha aşağı vəzifəyə seçilməsi belə, ayrı-ayrı iclaslarda Fələstin nümayəndəsinin Baş Assambleyaya sədrlik etməsinə gətirib çıxara bilər.

Aprelin sonunda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-nin BMT qərargahına ev sahibliyi edən ölkə statusundan sui-istifadə etməyə davam etdiyini bildirib.

Diplomat qeyd edib ki, BMT Baş Assambleyasının İnformasiya Komitəsinin 48-ci sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin üzvünə də viza verilməyib.

Nebenzya BMT Katibliyinin bu siyasiləşdirilmiş praktikanın dayandırılması üçün bütün tədbirləri görəcəyinə ümid etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BMT   Fələstin  


Bizi "telegram"da izləyin