Avstraliya iki yeni AH-64E “Apache” helikopteri təhvil aldı

2026/05/1779348006.jpg
Oxunub: 430     11:18     21 May 2026    
Avstraliya ordusu iki ədəd yeni AH-64E “Apache Guardian” hücum helikopterinin daha təhvil alınması ilə ümumi “Apache” parkını altı hava gəmisinə çatdırıb.

Ordu.az xəbər verir ki, helikopterlər Avstraliya Kral Hərbi Hava Qüvvələrinin inventarındakı C-17A “Globemaster III” təyyarəsi ilə Avstraliyaya gətirilib.

Bununla ölkənin quru aviasiyası modernizasiya proqramında daha bir mərhələ tamamlanıb.

Ümumilikdə 29 “Apache” təhvil veriləcək

Təhlilat Avstraliyanın LAND 4503 layihəsi çərçivəsində ABŞ-dən aldığı 29 ədəd AH-64E “Apache” helikopterinin bir hissəsini təşkil edir.

Təxminən 4,5 milyard Avstraliya dolları dəyərində olan proqram ABŞ Xarici Hərbi Satış mexanizmi ilə həyata keçirilir. Razılaşma çərçivəsində baxım, təlim, logistika və istismar dəstəyini əhatə edən 306 milyon dollarlıq dəstək müqaviləsi də mövcuddur.

Bütün helikopterlərin 2029-cu ilədək Avstraliya ordusuna təhvil verilməsi planlaşdırılır.

“Tiger” helikopterlərini əvəz edəcək

AH-64E “Apache”lər Avstraliya ordusunun təxminən 20 ildir istifadə etdiyi “Eurocopter Tiger” ARH helikopterlərini əvəz edəcək. “Tiger” parkı illər boyu davam edən baxım və istifadəolunma problemlərinə görə tənqid olunmuşdu. “Apache” tədarükünün Avstraliyanın hücum helikopteri qabiliyyətində mühüm sıçrayış yaradacağı gözlənilir.

General-leytenant David Hafner bu təhvilatı qiymətləndirərkən AH-64E “Apache”ni “dünyanın ən qabaqcıl hücum helikopteri” adlandırıb.

Hafner bildirib ki, yeni təhvil “ordunun inteqrasiya olunmuş qüvvə quruluşuna məsafə, çıxış və vurucu güc qazandırmaq məqsədində mühüm mərhələdir”.

Qabaqcıl sensor və silah sistemləri

“Boeing” tərəfindən istehsal olunan AH-64E “Apache” qabaqcıl AN/APG-78 “Longbow” atəşi idarəetmə radarı ilə təchiz olunur.

Platformanın əsas silah sistemləri arasında:

AGM-114 “Hellfire” tank əleyhinə raketləri,
APKWS idarəolunan raketləri,
30 mm-lik M230 zəncir topu yer alır.


AH-64E, həmçinin pilotsuz uçuş aparatları ilə birgə tapşırıq yerinə yetirməyə imkan verən qabaqcıl məlumat bağlantısı və missiya sistemlərinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   AH-64E   Apache  


Bizi "telegram"da izləyin