Litva “Saab”dan tank əleyhinə və təlim sistemləri tədarük edəcək

2026/05/1779347264.jpg
Oxunub: 476     11:06     21 May 2026    
Litva “Saab” ilə “Carl-Gustaf M4” tank əleyhinə silahları və təlim sistemlərini əhatə edən 460 milyon İsveç kronu, yəni təxminən 48 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Saab” tərəfindən yayılan məlumata görə, tədarüklər 2026-2029-cu illər arasında həyata keçiriləcək.

Sifariş tərəflər arasında imzalanmış 10 illik uzunmüddətli sazişin ilk mühüm addımlarından biri hesab olunur.

Yeni saziş çərçivəsində Litvaya “Carl-Gustaf M4” silah sistemləri ilə yanaşı, təlim sursatları üçün altçaplı adapterlər və “Carl-Gustaf Outdoor Trainer” təlim sistemləri də təhvil veriləcək.

Müqavilədə nəzərdə tutulan opsiyaların istifadəsi halında ümumi müqavilə dəyərinin 640 milyon İsveç kronuna qədər yüksələ biləcəyi bildirilib. Müqavilə həmçinin Litva müdafiə sənayesi ilə əməkdaşlıq maddələrini də əhatə edir.

Bu yolla ölkənin yerli müdafiə sənayesi infrastrukturunun dəstəklənməsi nəzərdə tutulur.

“Saab Dynamics” şirkətinin prezidenti Görgen Yohansson müqavilə ilə bağlı açıqlamasında bunları deyib: “Litva Silahlı Qüvvələrinə “Carl-Gustaf” silah sisteminin yüksək effektivliyini və təlim həllərimizi təqdim etməyə davam etdiyimiz üçün qürur duyuruq. Bu sistemlər hərbçilərin vəzifələrinə təhlükəsiz və effektiv şəkildə hazırlanmasına imkan verir”.

“Carl-Gustaf M4” çiyindən atılan, geri təpməsiz və çoxməqsədli silah sistemi kimi müasir piyada birliklərinin ən mühüm atəş dəstəyi vasitələrindən biri hesab olunur.

Sistem zirehli texnikalara, istehkamlara, şəxsi heyət hədəflərinə və yüngül tikililərə qarşı effektiv şəkildə istifadə oluna bilir. Daha yüngül quruluşu, qabaqcıl erqonomikası və fərqli sursat seçimləri sayəsində “Carl-Gustaf M4” dünyanın bir çox ölkəsinin inventarında yer alır.

Litva son illərdə artan regional təhlükəsizlik riskləri fonunda quru qoşunlarının tank əleyhinə və təlim imkanlarını gücləndirməyə yönəlmiş investisiyalarını sürətləndirib.

“Saab” ilə imzalanmış bu yeni müqavilə Baltik regionundakı NATO ölkələrinin quru müdafiə imkanlarını artırmaq səylərinin son nümunələrindən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Saab  


Bizi "telegram"da izləyin