Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Ağ Ev hesab edir ki, layihənin həyata keçirilməsi üçün təxminən 100 il əvvəl başqa memarlıq layihəsi üçün verilmiş səlahiyyətlər kifayətdir. Həmin layihə isə vaxtilə həyata keçirilməyib.
Nəşrin məlumatına görə, tağın Vaşinqton sərhədlərində yerləşən süni Kolumbiya adasındakı “Memorial Circle” ərazisində tikilməsi planlaşdırılır. Ötən həftə ərazidə geodeziya və mühəndis işlərinə başlanılıb.
Bununla paralel olaraq administrasiya Tramp tərəfdarları ilə yenilənmiş memarlıq və tikinti üzrə federal komissiyalardan razılıq almağa çalışır.
Federal qanunvericiliyə əsasən, Milli Parklar Xidmətinin nəzarətində olan torpaqlarda abidələrin tikilməsi üçün Konqresin ayrıca qərarı tələb olunur.
Ağ Ev nümayəndələri belə bir icazə üçün müraciət edib-etməyəcəkləri barədə suala cavab verməkdən yayınıblar. Nəşrin mənbələri isə belə planların olmadığını bildiriblər.
Rəsmilər 1924-cü ildə Arlinqton memorial körpüsünün layihələndirilməsi ilə məşğul olan komissiyanın hesabatına istinad edirlər. Həmin sənəddə Kolumbiya adasında hündürlüyü 166 fut olan iki sütunun quraşdırılması nəzərdə tutulurdu.
Konqres layihəni 1925-ci ildə təsdiqləsə də, sütunlar heç vaxt tikilməyib. Tramp administrasiyası iddia edir ki, yeni tağ həmin ideyanın davamıdır.
ABŞ Ədliyyə Nazirliyi məhkəmə sənədində bildirib ki, Konqres təxminən bir əsr əvvəl komissiyanın hesabatını təsdiqləməklə “faktiki olaraq” zəfər tağı layihəsinə də razılıq verib.
Daxili işlər naziri Duq Berqam da qeyd edib ki, hazırkı təşəbbüs ilkin layihəyə əsaslanır. Sütunların hündürlüyü əvvəlki kimi 166 fut olacaq, tağın ümumi 250 futluq hündürlüyü isə postament və heykəllər hesabına təmin ediləcək.
Layihəni dayandırmağa çalışan hüquqşünaslar və Konqresdəki demokratlar isə qanunun bu cür şərhini əsassız adlandırırlar.
Hüquqşünasların sözlərinə görə, 1920-ci illərdə verilən səlahiyyətlər yalnız körpünün tikintisinə aid idi və zəfər tağına şamil olunmurdu.
Demokrat konqresmen Cared Hafman bildirib ki, administrasiya qanunvericilərdən icazə almağa borclu idi. O, vəziyyəti Trampın Konqresin razılığı olmadan başladığı əvvəlki tikinti layihələri ilə müqayisə edib.
Hafman və digər demokratlar layihəyə qarşı qaldırılmış məhkəmə iddiasına qoşulub və parlament dinləmələrinin keçirilməsini tələb ediblər.
Sevinc Əliyeva
Ordu.az