“Politico”: Tramp Kuba sahillərinə zərbə aviadaşıyıcı qrupu göndərib

2026/03/navya-1773905227.jpg
Oxunub: 481     09:12     21 May 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinin USS “Nimitz” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə aviadaşıyıcı qrupu Karib dənizinə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Aviadaşıyıcı ilə birlikdə bölgəyə “Carrier Air Wing 17” aviasiya qrupu, USS “Gridley” esminesi və USNS “Patuxent” yanacaq tankeri də göndərilib.

Komandanlıq bildirib ki, bu qüvvələr “döyüş hazırlığının zirvəsini, bənzərsiz zərbə uzaqlığını və strateji üstünlüyü” təcəssüm etdirir.

“USS “Nimitz” Tayvan boğazından Fars körfəzinə qədər sabitliyin qorunması və demokratik dəyərlərin müdafiəsində əsas rol oynayaraq öz döyüş potensialını bütün dünyada sübut edib”, - məlumatda deyilir.

ABŞ Cənub Komandanlığının açıqlaması Donald Tramp administrasiyasının Kubanın keçmiş prezidenti və qeyri-rəsmi lideri Raul Kastroya qarşı irəli sürdüyü ittihamlardan sonra yayılıb.

ABŞ 94 yaşlı siyasətçini dörd nəfərin, o cümlədən üç ABŞ vətəndaşının öldürülməsinə yönəlmiş sui-qəsdin təşkilində ittiham edir.

Söhbət 1996-cı ildə “Brothers to the Rescue” təşkilatının üzvlərinin Kubadan qaçan insanlara yardım etmək üçün həyata keçirdiyi humanitar missiya zamanı baş vermiş hadisədən gedir.

Həmin vaxt Kuba qırıcıları təşkilata məxsus iki mülki təyyarəni beynəlxalq sular üzərində vurmuşdu.

“Reuters”in mənbələrinin bildirdiyinə görə, Kastroya qarşı irəli sürülən ittiham Tramp administrasiyasının Kubada hakimiyyət dəyişikliyi çağırışlarını da əhatə edən daha geniş siyasətinin tərkib hissəsidir.

Buna baxmayaraq, Tramp münasibətlərin daha da gərginləşməsinin vacib olmadığını bildirib.

“Bunun lazım olduğunu düşünmürəm”, - deyə o, jurnalistlərə açıqlamasında vurğulayıb.

Eyni zamanda, “Politico”nun məlumatına görə, Ağ Evdə Kubaya qarşı həm diplomatik, həm də hərbi variantlar müzakirə olunur, lakin ABŞ prezidenti hələ yekun qərar verməyib.

Trampın Ağ Evə qayıdışından sonra ABŞ ilə Kuba arasında münasibətlər daha da gərginləşib.

ABŞ prezidenti mütəmadi olaraq Kuba hökumətini tənqid edir və hətta adanın “dostcasına ilhaqı” ehtimalını da istisna etməyib.

2026-cı ilin əvvəlindən etibarən Vaşinqton Kubaya təzyiqləri artıraraq neft blokadası tətbiq edib. Bu isə enerji böhranına və ada boyu elektrik enerjisinin mütəmadi kəsilməsinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Aviadaşıyıcı   Karib  


Bizi "telegram"da izləyin