“Joğovurd”: Ermənistanda qazın qiymətinin artacağı gözlənilir

2026/05/1779340715.jpg
Oxunub: 479     09:24     21 May 2026    
“Joğovurd” qəzetinin eksklüziv mənbələrinin məlumatına görə, qaz qiymətlərinin yenidən nəzərdən keçirilməsi məsələsi yenidən gündəmdədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qəzetin hökumət dairələrinə yaxın mənbələrinin bildirdiyinə görə, Nikol Paşinyanın hökuməti artıq “Qazprom Armenia” şirkətindən yaxın zamanda qaz qiymətlərinin yenidən nəzərdən keçiriləcəyi barədə məlumat alıb.

“Əldə etdiyimiz məlumata əsasən, söhbət qiymətin aşağı salınmasından deyil, mümkün bahalaşma ssenarisindən gedir. Bu isə o deməkdir ki, yaxın zamanda Ermənistanda qaz tariflərinin artırılması məsələsi yenidən daxili gündəmə çevrilə bilər.

Bu addımın həm adi istehlakçılara, həm sahibkarlara, həm də ümumi inflyasiya mühitinə zəncirvari təsir göstərəcəyi bildirilir. Nikol Paşinyan müxtəlif çıxışlarında Vladimir Putinlə təxminən 200 dəfə danışdığını bəyan edib. Lakin görünən odur ki, bu təmaslar qaz qiymətləri məsələsində vəziyyəti dəyişmir.

Bundan əlavə, Paşinyan dünən Loriyə səfəri zamanı Rusiya Federasiyası barədə kifayət qədər diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Rusiya supergücdür və Ermənistan bu dövlətlə münasibətlərə ehtiramla yanaşmalıdır. Paşinyan əlavə edib ki, özü də bu münasibətlərə ehtiramla yanaşır və vəziyyəti gərginləşdirmir”, - deyə nəşr bildirib.

Lakin “Joğovurd” qəzetinin əldə etdiyi məlumatlara əsasən, hətta bu “ehtiramlı” siyasət də İrəvanın qaz qiymətlərində yeni artımdan yayınacağına zəmanət vermir.

“Yaxın zamanda qaz tariflərinin artırılması ilə bağlı müraciətin İctimai Xidmətləri Tənzimləmə Komissiyasına təqdim ediləcəyi gözlənilir. Mənbələr bildirir ki, “Qazprom Armenia” belə prosesə başlamaq üçün Rusiya tərəfindən göstəriş alıb.

Mənbələrin sözlərinə görə, hökumətdə artıq anlayırlar ki, bu məsələ həssasdır və ciddi sosial narazılıq yarada bilər. Xüsusilə hakimiyyətin davamlı şəkildə iqtisadi artım, vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial sabitlikdən danışdığı bir dövrdə qazın mümkün bahalaşması cəmiyyətin büdcəsinə növbəti zərbə ola bilər.

Hazırda rəsmi səviyyədə qaz tariflərinin yenidən nəzərdən keçirilməsi barədə açıqlama verilməyib. “Joğovurd” qəzeti həm hökumətdən, həm də “Qazprom Armenia”dan rəsmi şərh almağa çalışacağını bildirib. Məqsəd müzakirələrin hansı mərhələdə olduğunu və məsələnin nə vaxt ictimai müstəviyə çıxarıla biləcəyini aydınlaşdırmaqdır. Hələlik isə heç bir rəsmi şərh almaq mümkün olmayıb”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qaz  


Bizi "telegram"da izləyin