Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, sənəddə partiyanın maliyyə daxilolmaları və maliyyə strukturu təqdim olunub.
“Bəyannaməyə əsasən, hesabat dövrünün sonunda partiyanın pul vəsaitləri 127 milyon 898 min 665 Ermənistan dramı təşkil edib. Sənəddə həmçinin qeyd olunur ki, partiya “Civic News” MMC-də 100 faiz paya sahibdir və sərmayənin həcmi cəmi 10 min Ermənistan dramıdır. Sirr deyil ki, “Civic News” ictimai mühitdə geniş şəkildə hakimiyyətin informasiya və kommunikasiya platforması, “Vətəndaş Müqaviləsi”nin ruporu kimi qəbul olunur və partiyanın siyasi mesajlarını, hökumətin mövqelərini yayır. Bu hal partiyanın media qurumunda tam paya sahib olması faktı ilə birlikdə siyasi kommunikasiya və media azadlığı ilə bağlı yenidən ictimai suallar doğurur.
Gəlirlər hissəsində “Vətəndaş Müqaviləsi” partiyasının bir neçə mənbədən maliyyə aldığı göstərilib. Bunlara Ermənistan parlament aparatından ayrılmış 234 milyon 727 min 890 dram dövlət maliyyələşdirilməsi, 481 milyon 790 min 400 dram həcmində iri ianələr, 129 milyon 524 min 599 dram üzvlük haqları, eləcə də “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-sindən 120 min dram və “24 News” MMC-dən 446 min dram məhkəmə xərclərinin kompensasiyası daxildir”, - deyə nəşr bildirib.
Müqayisə üçün qeyd olunur ki, “Joğovurd” qəzetinin əvvəlki hesabat dövrü üzrə yaydığı məlumata əsasən, 2024-cü il oktyabrın 1-dən 2025-ci il oktyabrın 1-dək partiya 254 milyon 900 min dram dövlət maliyyələşdirilməsi, 276 milyon 482 min dram ianə, 10 min ABŞ dolları həcmində ianə və 123 milyon 93 min dram üzvlük haqqı alıb.
“Bu məlumatlar göstərir ki, müxtəlif hesabat dövrlərində partiyanın əsas maliyyə mənbələri dövlət maliyyələşdirilməsi və iri ianələr olaraq qalır.
İanəçilərin böyük hissəsi anonimdir. Vaxtilə keçmiş hakimiyyəti anonim maliyyəçilərə malik olmaqda ittiham edən “Vətəndaş Müqaviləsi” indi eyni addımı özü atır”, - deyə müəllif vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az