BƏƏ SHADOW 25 kamikadze PUA-sını sınaqdan keçirib

2026/05/sunsa-1779305397.jpg
Oxunub: 359     23:28     20 May 2026    
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət dəstəkli müdafiə sənayesi şirkəti “EDGE Group” reaktiv mühərrikli yeni nəsil “gəzən sursat” sistemi SHADOW 25-in sınaq görüntülərini ictimaiyyətlə paylaşıb.

Ordu.az xəbər verir ki, sistem konteynerdən buraxıla bilən kamikadze platforması kimi hazırlanıb.

Şirkət tərəfindən verilən açıqlamada SHADOW 25-in sürətli yerləşdirmə qabiliyyətinə diqqət çəkilərək qeyd edilib: “Konteynerdən buraxılan SHADOW 25 gözləmə vəziyyətindən saniyələr içərisində havaya qalxa bilir. Bu struktur logistika yükünü azaldarkən kritik anlarda müdaxilə müddətini sürətləndirir”.

Yayımlanan görüntülərdə sistemin konteynerdən buraxılış mexanizmi ilə reaktiv mühərrikli strukturu əməliyyat sınaq mühitində ilk dəfə aydın şəkildə nümayiş olunub.

Yeni nəsil kamikadze pilotsuz uçuş aparatı konsepsiyası

“EDGE Group” 2019-cu ildə 25-dən çox əmirlik müdafiə şirkətinin birləşməsi ilə yaradılan Əbu-Dabi mərkəzli böyük müdafiə texnologiyaları konsorsiumu kimi fəaliyyət göstərir. Qrup sursat, radioelektron mübarizə, avtonom sistemlər və qabaqcıl texnologiyalar sahəsində fəaliyyət həyata keçirir.

SHADOW 25 proqramı isə “EDGE Group” daxilində fəaliyyət göstərən avtonom sistemlər şirkəti ADASI tərəfindən hazırlanır.

Sistem xüsusilə Ukrayna müharibəsində “gəzən sursat”ların yaratdığı təsirdən sonra dünya üzrə böyük əhəmiyyət qazanan reaktiv mühərrikli kamikadze pilotsuz uçuş aparatları kateqoriyasında yer alır. Körfəz bölgəsindəki təhlükəsizlik təhdidləri də uzaqmənzilli dəqiq hücum qabiliyyətlərini BƏƏ üçün strateji prioritetə çevirib.

250 kilometr mənzil və 25 kiloqram döyüş yükü

ADASI tərəfindən yayımlanan texniki məlumatlara görə SHADOW 25 orta sinfinə məxsus “gəzən sursat” kateqoriyasında yer alır.

Platformanın:

Azami qalxış çəkisi 103 kiloqram,

Qanad açılımı 2,15 metr,

Uzunluğu isə 2,25 metr səviyyəsindədir.

Sistemin uçuş sürətinin bəzi texniki sənədlərdə saatda 400 kilometr, şirkətin internet saytında isə saatda 450 kilometr olaraq göstərildiyi müşahidə olunur. “EDGE Group” bu fərqlə bağlı hələlik rəsmi açıqlama verməyib.

SHADOW 25-in mənzili 250 kilometrə çatarkən, məlumat bağlantısı idarəetmə mənzilinin isə 100 kilometr olduğu bildirilir. Təxminən 1 saat havada qala bilən sistem hədəf bölgəsi üzərində müəyyən müddət dövrə vurduqdan sonra hücum həyata keçirə bilir.

25 kiloqramlıq faydalı yük tutumunun isə bu sinfə aid platforma üçün olduqca yüksək olduğu və möhkəmləndirilmiş sabit hədəflərə ciddi zərər vura biləcəyi qiymətləndirilir.

Radioelektron mübarizəyə qarşı hazırlanıb

Sistemin ən diqqətçəkən xüsusiyyətlərindən biri çox təbəqəli yönləndirmə arxitekturasıdır.

SHADOW 25 GNSS əsaslı peyk naviqasiyası, vizual naviqasiya və elektro-optik yönləndirmə sistemlərindən birlikdə istifadə edir. Beləliklə, GPS qarışdırmasının intensiv olduğu mühitlərdə belə hədəfə yönəlmə qabiliyyətini qoruyub saxlaya bilir.

Xüsusilə Körfəz bölgəsində İranın radioelektron mübarizə fəaliyyətlərinin uzun müddətdir yaxından izlənildiyi nəzərə alındıqda, sistemin GPS-dənkənar hədəfləmə qabiliyyətləri BƏƏ baxımından kritik üstünlük kimi qiymətləndirilir.

Platforma üzərindəki görüntü əsaslı naviqasiya sistemi sayəsində pilotsuz uçuş aparatı yalnız koordinat məlumatları ilə deyil, kamera görüntüləri üzərindən də hədəf təsdiqləməsi həyata keçirə bilir.

Sürətli yerləşdirmə üstünlüyü təmin edir

Konteyner əsaslı buraxılış arxitekturası SHADOW 25-in əməliyyat elastikliyini artıran əsas amillərdən biri hesab olunur.

Sistem uzun hazırlıq prosesləri, yanacaq doldurma prosedurları və ya böyük buraxılış infrastrukturları tələb etmədən sahəyə yerləşdirilə bilir.

ADASI-nin texniki məlumatlarına görə platforma həm pnevmatik buraxılış sistemi, həm də raket gücləndiricili konteyner sistemi ilə istifadə oluna bilir. Bu struktur sayəsində istifadəçilər əməliyyat şərtlərinə uyğun fərqli yerləşdirmə üsullarına üstünlük verə bilirlər.

Avropaya da ixrac olunub

SHADOW 25 sistemi yalnız Körfəz bölgəsində deyil, Avropada da diqqət çəkməyə başlayıb.

Serbiya Silahlı Qüvvələri 2025-ci il sentyabrın 20-də Belqradda keçirilən “Unity of Strength” hərbi paradında sistemi ilk dəfə ictimaiyyətə nümayiş etdirmişdi. Beləliklə, “EDGE Group”un reaktiv mühərrikli kamikadze pilotsuz uçuş aparatı sisteminin ən azı bir Avropa ölkəsinə ixrac edildiyi də təsdiqlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   PUA  


Bizi "telegram"da izləyin