Müharibədə sürət faktoru: Müdafiə sistemlərini çökdürən saturasiya strategiyası

2026/03/1774007488.jpg
Oxunub: 460     23:22     20 May 2026    
Müasir münaqişələrin strukturu son bir neçə il ərzində köklü struktur dəyişikliyinə məruz qalıb. 2025-ci ilin iyun ayında İsrail və İran ortaq sərhəd paylaşmadan, minlərlə kilometr məsafədə tarixdə ilk uzunmənzilli raket və pilotsuz uçuş aparatları üzərində qurulan atəş və hücum müharibəsini həyata keçirdi, quru qüvvələrindən istifadə olunmadı.

2025-ci ilin mayında isə Hindistan və Pakistan bir-birinin hava məkanına daxil olmadan raket, pilotsuz uçuş aparatı və qanadlı sursatlarla bir neçə günlük “standoff” (uzaqdan/təmassız nişanalma) münaqişəsi yaşadı. Yəməndə husilər illərlə quru döyüşü olmadan ballistik raket və pilotsuz uçuş aparatı hücumları ilə həm regional, həm də qlobal dəniz boğazlarını iflic etdi. Ukrayna isə bu tənliyin xaricində qalan özünəməxsus cəbhədir. Orada Rusiyanın ilkin siyasi hədəfinə uyğun olaraq quru döyüşləri sahədə qalmağa davam edir.

Lakin bu münaqişədə də strateji ağırlığın getdikcə hava hücumları, qanadlı raketlər və pilotsuz uçuş aparatları istiqamətinə yönəldiyi müşahidə olunur. Bu mənzərə sadəcə taktiki təkamül deyil, yeni hərbi mühəndislik hesablamasıdır. Quru qüvvələri cəbhədən çəkildikdə və ya ümumiyyətlə döyüşə daxil olmadıqda, strateji ağırlığın hamısı hava və raket sistemlərinin üzərinə düşür. Bu isə qaçılmaz olaraq aşağıdakı əsas hərbi sualı ortaya çıxarır: Müdafiə sistemi bu qədər təhdidi nə qədər müddət qarşılaya bilər? Önləyici ehtiyatları nə vaxt tükənəcək? Məhz bu hesablama hücum edən tərəfi doyğunluq məntiqinə, müdafiə olunan tərəfi isə inventar fərqliliyi və ehtiyat dərinliyi üzərində düşünməyə məcbur edir.

Saturasiya (doyğunluq) doktrinası böyük ölçüdə bu yeni müharibə həndəsəsinin məhsuludur. Müdafiə sisteminin eyni anda qarşılaşa biləcəyindən daha çox təhdidin eyni vaxtda meydana sürülməsi strategiyası olan doyğunluq (yaxud saturasiya) hücumları son bir neçə ildə nəzəri hərbi konsepsiya olmaqdan çıxaraq döyüş meydanlarının nəticəni müəyyən edən reallığına çevrilib. Ukrayna səngərlərindən başlayaraq Yaxın Şərqin mürəkkəb hava məkanına və dəniz əməliyyat sahələrinə qədər uzanan bu taktiki inqilab müharibə konsepsiyalarını kökündən sarsıdıb. Lakin saturasiya klassik tərifinə görə sadəcə kobud sursat yığını deyil. Müasir döyüş meydanında bu doktrina fərqli xüsusiyyətlərə malik təhdidlərin qısa zaman aralıqlarında sinxronlaşdırılaraq müdafiə sistemlərinin aşkarlama, ayırdetmə və qərarvermə proseslərini iflic etməyə yönəlmiş zaman və qüvvə paylanması probleminə çevrilib. Bu prosesi mərhələləri ilə araşdırmaq müasir hərbi strategiyanın gəldiyi nöqtəni anlamaq baxımından həyati əhəmiyyət daşıyır.

Ukrayna Laboratoriyası: Miqdardan Paylanmış Şəbəkələrə

Doyğunluq hücumlarının müasir mənada ilk böyükmiqyaslı sınaqdan keçirildiyi məkan Rusiya-Ukrayna müharibəsi oldu. “West Point” analizlərinə görə, bu münaqişə böyükmiqyaslı pilotsuz uçuş aparatı istifadəsi ilə kritik innovasiya sahəsi funksiyasını yerinə yetirdi.

Keçmişdə son dərəcə bahalı qanadlı raketlər və ya ballistik raketlərlə planlaşdırılan doyğunluq hücumları Ukrayna cəbhəsində ucuz avadanlıqların seriyalı istifadəsinə çevrildi. Bu inkişaf sadəcə miqdar artımına deyil, həssas koordinasiya tələbinə əsaslanırdı. Saxta hədəf funksiyası daşıyan yüzlərlə ucuz kamikadze pilotsuz uçuş aparatının qanadlı raketlərlə birlikdə buraxılması milyardlarla dollar dəyərində olan dəqiq hava hücumundan müdafiə radar şəbəkələrini iflic etdi. Avtonom piksel kilidləmə texnologiyalarına malik, radioelektron mübarizə mühitində belə hədəfini tapa bilən FPV (First Person View) pilotsuz uçuş aparatları düşmən batareyalarını məhv etməkdən daha çox bahalı önləyici raket ehtiyatlarını tükətmək və radar sistemlərini korlaşdırmaq məqsədilə döyüş meydanına çıxarıldı.

Saturasiya Bir Sürət Müharibəsidir

Doktrinanın struktur əsasına enildikdə, səthi analizlərin gözdən qaçırdığı əsas parametr ortaya çıxır. Saturasiya hücumu mahiyyət etibarilə inventar tükəndirmə əməliyyatı deyil, sürət müharibəsidir. Məqsəd müdafiə tərəfinin OODA (“Observe, Orient, Decide, Act” - Müşahidə et, Yönəl, Qərar ver, Hərəkət et) dövrünü həddindən artıq yükləyərək çökdürməkdir. Hücum edən tərəf nə qədər çox və nə qədər fərqli obyekti eyni zaman intervalına yerləşdirərsə, müdafiə tərəfinin qərar keyfiyyəti bir o qədər aşağı düşür, çünki hər əlavə təhdid sistemin emal etməli olduğu qeyri-müəyyənlik miqdarını eksponensial şəkildə artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Doyğunluq-hücumu   Hücum  


Bizi "telegram"da izləyin