Rusiya XİN: Narek Karapetyan heç vaxt Rusiya vətəndaşı olmayıb

2026/05/1779304620.jpg
Oxunub: 360     23:06     20 May 2026    
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin erməni siyasətçi Narek Karapetyanın heç vaxt Rusiya Federasiyasının vətəndaşı olmadığını açıqlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə Moskvada jurnalistlərlə söhbəti zamanı danışıb.

Qaluzin bildirib ki, bəzi erməni siyasətçilərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Onun sözlərinə görə, “Güclü Ermənistan” seçki siyahısına rəhbərlik edən Narek Karapetyanın guya Rusiya vətəndaşlığına malik olması barədə iddialar səsləndirilsə də, bu məlumat doğru deyil.

Xatırladaq ki, mayın 19-da Ermənistan parlamentinin sədri Alen Simonyan mənşəyi məlum olmayan sənəd paylaşaraq “Narek Karapetyan Rusiya vətəndaşıdır?” sualını gündəmə gətirmişdi.

Bundan qısa müddət sonra Karapetyan açıqlama yayaraq Rusiya vətəndaşı olmadığını və Ermənistan vətəndaşlığından başqa başqa vətəndaşlığa malik olmadığını bildirib.

Daha sonra Ermənistan Mərkəzi Seçki Komissiyası da məsələ ilə bağlı açıqlama verərək Narek Karapetyanın sənədlərinin yoxlanıldığını və onun son dörd ildə yalnız Ermənistan vətəndaşlığına malik olması barədə müvafiq arayışların təqdim edildiyini qeyd edib.

Buna baxmayaraq, mayın 20-də Ermənistan İstintaq Komitəsi Narek Karapetyanın “başqa dövlətin vətəndaşlığını gizlətməsi” iddiası ilə cinayət işi başlatdığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qaluzin   Karapetyan  


Bizi "telegram"da izləyin