Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Foreign Policy” nəşri ölkədə qarşıdan gələn mühüm parlament seçkiləri öncəsi siyasi vəziyyəti təhlil edərkən yazıb.
Nəşrin məlumatına görə, Macarıstanda müxalifətin son qələbəsindən sonra Ermənistan avtoritarizm və demokratiya arasındakı qlobal mübarizənin növbəti meydanına çevrilir.
Məqalədə bildirilir ki, qarşıdan gələn səsvermə postsovet respublikasının hazırkı rəhbərliyinin demokratik inkişaf yolunu qoruyub saxlayıb-saxlamayacağını göstərəcək əsas sınaq olacaq.
“Donald Tramp rəhbərliyindəki ABŞ administrasiyası bu məsələdə ciddi səhv yanaşma nümayiş etdirir. Vaşinqton azad və ədalətli seçkilərin keçirilməsində israr etmək əvəzinə, seçki meydanını öz xeyrinə dəyişməyə çalışan Baş nazir Nikol Paşinyanı qeyd-şərtsiz dəstəkləyir. Avropa hökumətləri də regionda Rusiya təsirinə qarşı çıxmaq naminə demokratik proseslərin pozulmasına göz yumurlar. Xatırladaq ki, Nikol Paşinyan 2018-ci ildə “Məxməri inqilab” dalğası nəticəsində hakimiyyətə gələrək demokratik yenilənmə və Qərblə münasibətlərin dərinləşdirilməsi vəd etmişdi”, - deyə müəllif bildirib.
Bununla belə, məqalədə qeyd olunur ki, hazırda Paşinyanın siyasi perspektivləri qeyri-müəyyən görünür. İctimai rəy sorğularına əsasən, hakim “Vətəndaş Müqaviləsi” partiyası yalnız 20-30 faiz səs toplaya bilər.
“Seçicilərin təxminən üçdə biri hələ qərar verməyib və 17 partiya ilə iki blokun iştirak etdiyi seçkilərdə müxalifətin ikinci turda birləşərək Paşinyanı məğlub etmək şansı var. Paşinyanın əsas rəqibi milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasıdır. Məğlubiyyətin qarşısını almağa çalışan Paşinyan “avtoritar arsenalın klassik metodlarından” istifadə edir”, - deyə nəşr vurğulayıb.
Məqalədə hökumətin müxaliflərin həbsi, tənqidi jurnalistlərin saxlanılması, məhkəmə sisteminin müstəqilliyinin zəiflədilməsi və Erməni Apostol Kilsəsinin işlərinə görünməmiş müdaxilə həyata keçirdiyi iddia olunur.
Nəşr qeyd edir ki, hazırkı Baş nazir artıq Ermənistan dövlət mediasının siyasi efirinə tam nəzarət edir və inzibati resurslardan müxalifəti izləmək və təqib etmək üçün istifadə edir.
Məqalədə həmçinin vurğulanır ki, Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra yaranmış vəziyyət seçkilərin mühüm geosiyasi fonunu təşkil edir.
“Foreign Policy” yazır ki, Paşinyan Qarabağ məsələsini mümkün qədər tez bağlamağa çalışır.
Nəşr Avropa İttifaqının mövqeyini də “ikiüzlü” adlandırır. Qeyd olunur ki, Brüssel Macarıstan məsələsində hüququn aliliyini ciddi tələb etdiyi halda, Ermənistanda Paşinyanın avtoritar metodlarına göz yumur.
Məqalədə ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri və Azərbaycan üçün Ermənistan ərazisindən keçəcək ticarət dəhlizini nəzərdə tutan sülh razılaşmasının təşviqi də tənqid edilir.
Bundan əlavə, Avropa Siyasi Birliyinin sammitinin seçkilərdən az əvvəl Ermənistanda keçirilməsi və Fransa Prezidenti Emmanuel Makronun Paşinyanı “çox təsirli” adlandırması müxalifət tərəfindən Avropa İttifaqının hakim rejimə açıq dəstəyi kimi qiymətləndirilir.
Sonda analitiklər bildirirlər ki, Qərb geosiyasi hesablamalar naminə Paşinyanın avtoritar üsullarına göz yummaqla Ermənistanda növbəti “seçilmiş avtokrat”ın yaranması riskini artırır və beynəlxalq arenada müdafiə etdiyini bəyan etdiyi dəyərləri nüfuzdan salır.
Alpər Mövludoğlu
Ordu.az