Britaniya Körfəz ölkələri ilə ticarət sazişi imzalayan ilk G7 dövləti olub

2026/05/1779297439.jpg
Oxunub: 340     21:14     20 May 2026    
Böyük Britaniya “Böyük yeddilik” ölkələri arasında Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə ticarət sazişi imzalayan ilk dövlətə çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyi məlumat yayıb.

Britaniya hökumətinin qiymətləndirməsinə görə, saziş ölkə iqtisadiyyatına hər il təxminən 3,7 milyard funt sterlinq gəlir gətirə və tərəflər arasında ticarət dövriyyəsini təxminən 20 faiz artıra bilər.

Sənəd ərzaq məhsulları, tibbi avadanlıqlar və yüksək texnologiyalı məhsulların ixracı üçün gömrük rüsumlarının aradan qaldırılmasını nəzərdə tutur.

Bundan əlavə, razılaşmaya Böyük Britaniya ilə Körfəz ölkələri arasında məlumatların sərbəst transsərhəd mübadiləsi ilə bağlı müddəalar daxil edilib.

Britaniya tərəfi bildirib ki, saziş ölkə şirkətlərinə məlumatları regiondan kənarda saxlamaq və emal etmək imkanı yaradacaq. Bu da biznesi Körfəz ölkələrində bahalı məlumat emalı mərkəzləri yaratmaq məcburiyyətindən azad edəcək.

Hazırda Böyük Britaniya ilə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası arasındakı ticarət dövriyyəsi təxminən 53 milyard funt sterlinq həcmində qiymətləndirilir.

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Körfəz   G7  


Bizi "telegram"da izləyin