Sergey Şoyqu Ermənistan iqtisadiyyatında Rusiyanın əsas rolundan danışıb

2026/05/1779297319.jpg
Oxunub: 367     21:07     20 May 2026    
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya-Ermənistan münasibətləri ilə bağlı bir sıra açıqlamalar verərək Ermənistan iqtisadiyyatının Rusiya ilə əməkdaşlıqdan asılı olduğunu vurğulayıb.

Ordu.az xəbər verir ki, Şoyqu eyni zamanda İrəvanın bəzi xarici siyasət addımlarını da tənqid edib.

O bildirib ki, Rusiya Ermənistana təbii qaz, un, taxıl, gübrə və benzini bazar qiymətindən üç dəfə aşağı qiymətə tədarük edir.

Şoyqu qeyd edib ki, Ermənistan kənd təsərrüfatı məhsullarının ixracının 98 faizi, spirtli içkilərin ixracının isə 78 faizi Rusiya bazarının payına düşür.

Rusiya Təhlükəsizlik Şurasının katibi əmək miqrasiyası məsələsinə də toxunaraq bildirib ki, Ermənistan vətəndaşları Rusiyada kvota, patent və iş icazəsi olmadan çalışırlar.

Onun sözlərinə görə, 2025-ci ildə Ermənistan vətəndaşları ölkələrinə təxminən 3,9 milyard ABŞ dolları göndəriblər və bu məbləğ Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir.

Şoyqu əlavə edib ki, 2025-ci ildə Ermənistana gələn turistlərin təxminən 40 faizi Rusiyadan olub və onların xərcləri ölkə iqtisadiyyatına dəstək verib.

O, eyni zamanda Ermənistanın xarici siyasət kursunu tənqid edərək bildirib ki, 2025-2026-cı illərdə İrəvan Moskvanın qeyri-dost hesab etdiyi dövlətlərlə strateji tərəfdaşlığa başlayıb.

Şoyqu Avropa Siyasi Birliyinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenskiyə platforma verilməsini “nasizmə qarşı mübarizədə iştirak etmiş ermənilərin xatirəsinə istehza” adlandırıb.

Bununla yanaşı, o qeyd edib ki, erməni və rus xalqlarını əsrlərlə formalaşmış münasibətlər və ortaq tarix birləşdirir.

Şoyqunun sözlərinə görə, Rusiya 1990-cı illərdə Ermənistanın suverenliyinin qorunmasında mühüm rol oynayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin