İspaniya “Sumud” donanmasına görə İsrail nümayəndəsini XİN-ə çağırıb

2026/05/1779297277.jpg
Oxunub: 349     21:04     20 May 2026    
İspaniya Madriddəki İsrail səfirliyinin müvəqqəti işlər vəkilini fələstinmeylli “Sumud” donanmasının saxlanılan fəallarına göstərilən rəftara görə Xarici İşlər Nazirliyinə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares açıqlama verib.

Daha əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fəalların saxlanılması ilə bağlı görüntülər yayımlayıb. İspaniya tərəfi həmin görüntülərdə alçaldıcı rəftar hallarının əks olunduğunu bildirib.

Albares baş verənləri “dəhşətli, alçaq və qeyri-insani” adlandıraraq İsraildən ictimai şəkildə üzr istəməyi tələb edib. O qeyd edib ki, israilli diplomat təcili qaydada Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazir həmçinin vurğulayıb ki, Ben-Qvir İspaniyanın sanksiya siyahısındadır və onun ölkəyə girişi qadağan edilib. Albares əlavə edib ki, yaxın vaxtlarda Avropa İttifaqı səviyyəsində də oxşar addımlar atıla bilər.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, donanmanın bütün gəmiləri dayandırılıb və təxminən 430 fəal saxlanılıb. Məlumata əsasən, onların İsrailə aparılması və konsulluq nümayəndələrinə təhvil verilməsi planlaşdırılır.

“Qlobal Sumud Donanması” aksiyası aprel ayında başlayıb. Gəmilər İspaniya, İtaliya və Fransa limanlarından yola düşüb, daha sonra isə onlara Türkiyədən iştirakçılar qoşulub.

Təşkilatçılar bildiriblər ki, aksiyanın məqsədi Qəzza zolağının dəniz blokadasını yarmaq və humanitar dəniz dəhlizi yaratmaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İsrail  


Bizi "telegram"da izləyin