TSQ-nin “Efes-2026” Təlimində yeni silah sistemləri ilk dəfə sahəyə çıxır

2026/05/1779295991.jpg
Oxunub: 356     20:51     20 May 2026    
Türkiyə Silahlı Qüvvələri 20 aprel-21 may tarixləri arasında İzmir körfəzi və Doğanbəy Döyüş Atışlı Təlim Bölgəsində icra edilən “Efes-2026” Təlimində lazer silah sistemlərindən kamikadze sürü dronlarına qədər uzanan geniş yerli silah inventarını ilk dəfə sahəyə çıxarıb.

Təlim iki mərhələli şəkildə planlaşdırılıb. Birinci mərhələ olan Kompüter Dəstəkli Komanda Məntəqəsi Mərhələsi 11-17 aprel tarixlərində başa çatıb, Döyüş Atışlı Sahə Mərhələsi isə 20 aprel-21 may arasında davam etdirilib.

Təlimin əsas məqsədləri

“Efes-2026” birgə və müştərək əməliyyatda planlaşdırma, koordinasiya və icra sahələrində işləkliyi inkişaf etdirməyi, komanda-idarəetmə üsullarını və radioelektron mübarizə taktikalarını sınaqdan keçirməyi, eləcə də logistik dəstək imkanlarını gücləndirməyi hədəfləyir. Ortaq kibertəhlükəsizlik anlayışının formalaşdırılması və asimmetrik ilə hibrid təhdidlərə qarşı mübarizə qabiliyyətlərinin artırılması da təlimin prioritet məqsədləri sırasındadır.

Yerli silah və sistemlər sahəyə çıxır

Təlim GÖKBEY helikopteri, M-60 T1 tankı, “Panter” və “Boran” haubitsaları, eləcə də TRLG-230 və “Sungur” raketlərini əhatə edən geniş yerli inventarın nümayiş olunduğu platformaya çevrilib. “Tayfun”, “Hisar-A” və “Hisar-O” hava hücumundan müdafiə raket sistemləri, KORKUT Hava Hücumundan Müdafiə Silah Sistemi və Kalkan Hava Hücumundan Müdafiə Radarı da təlimdə fəal şəkildə istifadə olunur.

“Efes-2026”da ilk dəfə sahəyə çıxan sistemlər arasında portativ radioelektron hücum sistemi MİLKAR-A, ALKA və GÖKBERK lazer silah sistemləri, TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sistemi ilə kamikadze sürü pilotsuz uçuş aparatı texnologiyası önə çıxır. Bununla yanaşı, TEBER və MAM-T zərbə tipli pilotsuz uçuş aparatı sursatı da təlimdə ilk dəfə tətbiq olunur.

Əvvəlki “Efes” təlimlərindən fərqli olaraq bu il Ağ-Kara KOCATEPE Əməliyyat İdarəetmə Sistemi işə salınıb, hərbi qərarvermə proseslərində isə süni zəka dəstəkli analiz tətbiqindən yararlanılıb.

Müdafiə sənayesi sərgisi və universitet yarışı

Mayın 16-da Doğanbəy Döyüş Atışlı Təlim Bölgəsində açılan sərgidə 55 müdafiə sənayesi şirkəti yer alıb. “Efes-2026” Müdafiə Elmləri və Texnologiyaları mövzulu universitetlərarası layihə yarışmasında isə 69 universitetdən daxil olan 292 müraciət arasından ilk 10-a düşən layihələr sərgilənib. “Türk Yıldızları” akrobatika qrupu təlim çərçivəsində mayın 21-də nümayiş uçuşu həyata keçirəcək.

Liviya və Suriyadan tarixi iştirak

“Efes-2026” regional iştirak baxımından da tarixi xarakter daşıyacaq. Liviya Milli Ordusundan şərq bölgəsindən 331, qərb bölgəsindən isə 171 nəfər olmaqla ümumilikdə 502 şəxsi heyət Türkiyə Silahlı Qüvvələri ilə birgə təlim keçir.

“Flintlock-2026” təlimi ilə başlayan bu proses Liviya ordusunun ilk dəfə öz ərazisindən kənarda bir təlimə qatılması ilə yeni mərhələyə keçib.

Liviya şəxsi heyətinə qayıq, mina və partlayıcı qurğu, xüsusi qüvvələr əməliyyatı, SAT/SAS, amfibiya əməliyyatı və döyüş qalıqları üzərində axtarış-xilasetmə sahələrində təlim verilir. TSQ “Tək Liviya, Tək Ordu” hədəfi istiqamətində aparılan fəaliyyətlərə dəstək göstərməyə davam edir.

Təlimə Suriyanın iştirakı da damğa vurub. Yenidənqurma mərhələsində olan Suriya ordusu ilk dəfə öz ərazisindən kənarda əsas ünsürlə bir təlimdə iştirak edib. TSQ-nin Suriya ordusuna yönəlmiş təlim dəstəyi davam etdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Efes-2026   Təlim  


Bizi "telegram"da izləyin