Açıqlamada vurğulanıb ki, Türkiyədəki hava hücumundan müdafiə fəaliyyəti müttəfiq ölkələrlə koordinasiya şəraitində planlaşdırılır və mövcud təhlükəsizlik mühiti çərçivəsində mütəmadi olaraq qiymətləndirilir. Hazırda ölkədə yerləşdirilmiş İspaniya “Patriot” sisteminə əlavə olaraq NATO tərəfindən təyin edilmiş iki əlavə batareyadan birinin Almaniya tərəfindən təmin ediləcəyi qeyd olunub. Prosesin mövcud təhlükəsizlik qiymətləndirmələrinə uyğun şəkildə müttəfiqlərlə koordinasiyalı davam etdirildiyi bildirilib.
Nazirliyin açıqlamasından dərhal əvvəl Almaniya Müdafiə Nazirliyi də yerləşdirməni təsdiqləyib. Almaniyanın Husum şəhərində yerləşən “Flugabwehrraketengeschwader 1” bölməsindən seçiləcək təxminən 150 alman hərbçisi “Patriot” Hava və Raket Hücumundan Müdafiə Tapşırıq Qüvvəsi (AMD TF) yaradaraq iyun 2025-ci ilin sonu etibarilə fəaliyyətə başlayacaq və 2026-cı ilin sentyabrınadək NATO-nun İnteqrasiya olunmuş Hava və Raket Hücumundan Müdafiə (IAMD) çərçivəsi daxilində türk qüvvələri ilə koordinasiyalı fəaliyyət göstərəcək.
Bu rotasiya qərarı NATO-nun cənub sərhədində baş verən kritik təhlükəsizlik hadisələrindən sonra gündəmə gəlib. 2025-ci ilin mart ayının əvvəlində NATO hava hücumundan müdafiə sistemləri Türkiyə hava məkanını bir neçə gün ara ilə pozan ən azı dörd İran ballistik raketini dayandırıb. Pozuntulardan birində raketin ABŞ qüvvələrinin yerləşdiyi Adanadakı “İncirlik” Hava Bazasını hədəf aldığı qiymətləndirilib.
Sözügedən hücumlar NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığını ittifaqın ballistik raketdən müdafiə mövqeyini yenidən qurmağa və Adana ilə Malatyaya əlavə ABŞ “Patriot” sistemləri yerləşdirməyə yönəldib. NATO Baş katibi Mark Rutte İranın “Avropa üçün də böyük təhlükə yaratdığını” vurğulayıb.
Berlin bu yerləşdirməni ittifaq daxilində yük bölgüsünün konkret göstəricisi kimi qiymətləndirir. Müdafiə naziri Boris Pistorius Türkiyəyə ediləcək yerləşdirməni Almaniyanın “NATO daxilində daha çox məsuliyyət götürməsinin” əksi adlandırıb. Almaniya məhdud sayda “Patriot” atəş bölməsini istismar etməsinə baxmayaraq, hazırda şərq cinahı, Şimal və Ukrayna öhdəliklərini də davam etdirir.
Türkiyənin NATO daxilində strateji çəkisi
Türkiyə həmçinin NATO Ortaq Fondları vasitəsilə maliyyələşdirilməsi təklif olunan hərbi yanacaq boru xətti layihəsini gündəliyin prioritet maddələri arasına daxil edib. Layihə ittifaqın dəniz yanacaq daşınmasından asılılığını azaltmağı, Hörmüz boğazı mənşəli enerji risklərini aradan qaldırmağı və NATO-nun yanacaq təminatı ilə qarşılıqlı işləkliyini artırmağı hədəfləyir. Alternativ layihələrlə müqayisədə beş dəfə daha xərclə səmərəli olduğu vurğulanan təşəbbüs NATO təsdiq prosesi çərçivəsində qiymətləndirmə mərhələsindədir.
Türkiyə müdafiə mənbələri bu inkişafları Türkiyənin strateji mövqeyinin avropalı müttəfiqlər tərəfindən getdikcə daha çox önə çəkilməsi ilə əlaqələndirib. Güclü silahlı qüvvələri, inkişaf edən müdafiə sənayesi infrastrukturu və Avropa, Qara dəniz, Qafqaz ilə Yaxın Şərq arasındakı geosiyasi mövqeyi ilə Türkiyə regional təhlükəsizlik arxitekturasında mərkəzi rolunu qoruyur.
Sevinc Əliyeva
Ordu.az