Ordu.az xəbər verir ki, yeni inteqrasiya sayəsində MQ-9 “Reaper”lərin quru əsaslı hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsinə girmədən dəqiq zərbə endirməsi hədəflənir.
ABŞ tərəfi inteqrasiya prosesinin illərlə davam edən inkişaf və sınaq işlərindən sonra tamamlandığını bildirib və sistemin xüsusi əməliyyat qüvvələrinin uzaqdan idarə olunan platformalara dair tapşırıq spektrini əhəmiyyətli dərəcədə genişləndirəcəyini qiymətləndirib.
Kiçik ölçülü, lakin yüksək təsirli sursat
GBU-39B təxminən 113 kiloqram çəkisi olan dəqiq idarə olunan sürüşən hücum sursatı kimi tanınır. GPS və ətalətli naviqasiya sistemi istifadə edən bomba atıldıqdan sonra açılan kiçik qanadları sayəsində klassik sərbəst düşən sursatlara nisbətən daha uzun mənzilə çata bilir.
Təxminən 2 min funtluq klassik bombaların səkkizdə biri qədər çəkidə olmasına baxmayaraq, sursatın 1 metrədək polad gücləndirilmiş betonu deşə bilmə qabiliyyətinə malik olduğu bildirilir.
Yüksək dəqiqlik və nüfuzetmə qabiliyyətinə görə GBU-39 əvvəllər F-15E, F-16, F-22, F-35, B-1 və B-2 kimi bir çox döyüş və bombardman platformasında istifadə olunub.
ABŞ Hava Qüvvələrinin arsenalına 2006-cı ildə daxil edilən sursatın bu günədək ABŞ və müttəfiq ölkələr tərəfindən müxtəlif əməliyyatlarda 17 mindən çox dəfə istifadə olunduğu qeyd olunur.
MQ-9 üçün xüsusi daşıma sistemi hazırlanıb
“General Atomics” istehsalı olan MQ-9 “Reaper” platforması uzun müddət havada qala bilən orta hündürlüklü silahlı pilotsuz uçuş aparatı kimi ABŞ xüsusi əməliyyatlarının əsas elementlərindən biri sayılır.
Kannon Hava Bazasındakı 3-cü, 12-ci və 33-cü Xüsusi Əməliyyat Eskadrilyaları tərəfindən istifadə olunan platforma kəşfiyyat-müşahidə, məlumat toplama və dəqiq zərbə tapşırıqlarında fəal rol oynayır.
MQ-9-un GBU-39B daşıya bilməsi üçün xüsusi daşıma sistemi hazırlanıb. “L3Harris” tərəfindən istehsal olunan BRU-78 ikili daşıma sistemi sayəsində “Reaper” bir silah stansiyasında iki ədəd GBU-39B daşıya bilir.
Əvvəlki sistemlərdə MQ-9-un hər stansiyasında yalnız bir sursat daşımaq mümkün idi. Döyüş təyyarələrində istifadə olunan dörd sursatlı BRU-61 daşıma sistemi isə MQ-9-un təxminən 1700 kiloqramlıq daşıma qabiliyyətini ciddi şəkildə məhdudlaşdıracağı üçün seçilməyib.
Yeni quruluş sayəsində platforma sensorlarını, rabitə sistemlərini və digər sursatlarını qoruyarkən daha yüksək dəqiq zərbə qabiliyyəti əldə edib.
İran müharibəsindən sonra diqqət çəkib
ABŞ rəsmilərinə istinadən verilən məlumata görə, 2026-cı il İran müharibəsi ilə bağlı əməliyyatlar zamanı indiyədək 25-dən çox MQ-9 “Reaper” itirilib.
Bəzi pilotsuz uçuş aparatlarının İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, bəzilərinin isə hava hücumlarında yerdə məhv edildiyi bildirilir.
Məhz buna görə GBU-39B inteqrasiyasının əsas məqsədi MQ-9-ların düşmən hava hücumundan müdafiə təhdidi zonasına girmədən dəqiq hücum həyata keçirməsi kimi qiymətləndirilir.
AFSOC tərkibində xidmət edən bir MQ-9 pilotu bildirib: “Hədəfləri vurarkən məqsədimiz maksimum effekt əldə edərkən yan zərəri minimuma endirməkdir. Daha çox aşağı təsirli dəqiq sursat daşımaq bizə bölgədə daha uzun qalmağa və sahədəki bölmələrə daha effektiv dəstək verməyə imkan yaradır”.
27-ci Xüsusi Əməliyyat Qanadında xidmət edən eskadrilya komandiri, polkovnik-leytenant Coşua Svann isə yeni qabiliyyətin müasir döyüş mühiti baxımından kritik olduğunu qeyd edərək deyib: “Düşmən qüvvələri artıq girişimizi məhdudlaşdırmaq üçün çoxqatlı təhdid sistemləri qurur. GBU-39-un mənzili intensiv təhdid altında belə əməliyyatı davam etdirməyimizə imkan verir”.
Sevinc Əliyeva
Ordu.az