“Çukurova Makina”nın müdafiə sənayesi sahəsində irəliləyişi davam edir - VİDEO

2026/05/1779295188.jpg
Oxunub: 511     20:33     20 May 2026    
1968-ci ildə beynəlxalq “John Deere” ilə bağlanan lisenziya müqaviləsi çərçivəsində kənd təsərrüfatı texnikası istehsal etmək məqsədilə yaradılan “Çukurova Makina İmalat və Ticaret A.Ş.” (Çumitaş) son illərdə müdafiə sənayesi layihələri ilə diqqət çəkir.

Ordu.az xəbər verir ki, şirkət yaradıldıqdan sonrakı 18 ildə 26 min 250 maşın istehsal edib, 1986-cı ildən isə öz “Çukurova” brendi ilə sənaye və iş maşınları istehsalına başlayıb.

Bu gün şirkətin öndə gələn məhsulları arasında ekskavator-yükləyicilər, təkərli yükləyicilər və ekskavatorlar var. Şirkət keçmişdəki müdafiə vasitəsi təcrübəsindən istifadə edərək müdafiə sənayesi üçün çoxməqsədli yürüş şassiləri, uzaqdan idarə olunan sürətli zirehli ekskavator-yükləyicilər və zirehli təkərli yükləyicilər hazırlayır. Bütün istehsal və montaj işləri Tarsusdakı müəssisələrdə həyata keçirilir.

Hüseyin Darıcı: “Müdafiə layihələrində güclü infrastrukturumuz var”

“Çukurova Makina”nın baş direktor müavini Hüseyin Darıcı “Defensehere.com”a açıqlamasında şirkətin həm iş maşınları, həm də müdafiə sənayesi sahəsində inteqrasiya olunmuş istehsal infrastrukturuna malik olduğunu bildirib.

Darıcı 115 min kvadratmetrlik istehsal sahəsində dizayn, mühəndislik, sınaq və kütləvi istehsal proseslərinin eyni çətir altında aparıldığını deyərək, şirkətin eyni vaxtda müxtəlif layihələri hazırlayıb təsdiq sınaqlarından keçirərək seriya istehsalına çıxara biləcək gücdə olduğunu vurğulayıb.

Şirkətin əsasən beko loder istehsal etdiyini bildirən Darıcı, bununla yanaşı üç fərqli yükləyici və üç xüsusi istehsal ekskavator modelinin də mövcud olduğunu söyləyib. O, müdafiə sənayesi təcrübəsinin keçmişdə təxminən 25 il ərzində şirkət daxilində fəaliyyət göstərən BMC sayəsində gücləndiyini qeyd edib.

Yüksək yerli istehsal faizi hədəfi

“Çukurova Holding” tərkibində fəaliyyət göstərən şirkətin Mersində iki istehsal kompleksi, İzmir isə AR-GE yönümlü mühəndislik ofisləri var. Şirkət əlavə olaraq “Çimsataş” vasitəsilə döymə, tökmə, emal və istilik emalı kimi yüksək keyfiyyətli hissələri dünyanın iri istehsalçılarına ixrac edir.

Darıcı illik istehsal güclərinin müdafiə sənayesi məhsulları və iş maşınları daxil olmaqla 2 min ədəddən çox olduğunu deyib, şirkətdə təxminən 500 nəfərin çalışdığını, onların 120-150 nəfərinin isə ağ yaxalı texniki mütəxəssislərdən ibarət olduğunu bildirib.

AR-GE və mühəndisliyə böyük önəm verdiklərini vurğulayan Darıcı şirkətin indiyə qədər dörd fərqli beko loder lisenziyasını xaricə satdığını, dünyanın iri istehsalçılarından biri olan “Bobcat”ə də lisenziya verdiyini qeyd edib.

Müdafiə layihələrinin böyük hissəsinin ixraca yönəldiyini bildirən Darıcı gələcəkdə Müdafiə Sənayesi Başqanlığı ilə aparılan işlər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə də məhsul verməyi hədəflədiklərini söyləyib.

Şirkətin iş maşınlarında yerli istehsal faizinin 60 faiz civarında olduğunu bildirən Darıcı müdafiə layihələrində isə bu göstəricinin 70 faizə yaxınlaşdığını deyib. O, ötürücü sistemlərin də yerliləşdirilməsi ilə daha yüksək yerli istehsal faizlərinə çatmağı hədəflədiklərini qeyd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çukurova-Makina   Türkiyə  


Bizi "telegram"da izləyin