"Qarabağ və Şərqi Zəngəzur regionun əsas nəqliyyat-logistika mərkəzinə çevrilir" - Vahid Hacıyev

2024/05/17103-1717052546.jpg
Oxunub: 384     18:12     20 May 2026    
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzuru regionun əsas nəqliyyat-logistika və iqtisadi inkişaf mərkəzlərindən birinə çevirir.

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində keçirilən “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel müzakirəsində deyib.

O bildirib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işğal dövründə şəhərlər, kəndlər və yaşayış məntəqələri tamamilə dağıdılıb: “Bu dağıntılar yalnız binaların məhv edilməsi deyildi. Bu, urban həyatın məqsədli şəkildə məhv edilməsi – urbisid idi. İşğal nəticəsində bölgədə ekoloji dağıntılar və mədəni irsin məhv edilməsi də baş verib. Bu ərazilər eyni zamanda ağır şəkildə minalarla çirkləndirilib və bu, hazırda qarşılaşdığımız ən ciddi problemlərdən biridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramı qəbul olunub və artıq proqramın ilk mərhələsi başa çatmaq üzrədir.

“Bu gün artıq 80 mindən çox insan həmin ərazilərdə yaşayır. Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə aparılır. Smart şəhər və smart kənd konsepsiyaları bu transformasiyanın əsas sütunlarından biridir. Məqsədimiz yalnız evlər tikmək deyil, təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar formalaşdırmaqdır”, – deyə o vurğulayıb.

O qeyd edib ki, yaşayış məntəqələrinin planlaşdırılması zamanı məktəblər, səhiyyə xidmətləri, təmiz su, bərpa olunan enerji və məşğulluq imkanları tam şəkildə nəzərə alınır.

V.Hacıyev həmçinin regionun iqtisadi potensialına diqqət çəkib.

“Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür. Kənd təsərrüfatı, mədən sənayesi, logistika, turizm və yaşıl enerji əsas inkişaf istiqamətləridir. Azad edilmiş ərazilərdə investorlar üçün xüsusi vergi və gömrük güzəştləri tətbiq edilir. Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasında artıq 19 rezident fəaliyyət göstərir”, – deyə o qeyd edib.

V.Hacıyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin qərarı ilə yaşıl enerji zonası elan olunub.

“Hazırda Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir. Bundan əlavə, 100 meqavatlıq digər enerji layihələri və 45 meqavat gücündə beş su elektrik stansiyası həyata keçirilir”, – deyə o bildirib.

Xüsusi nümayəndə Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını da vurğulayıb.

“Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirən əsas logistik xəttə çevriləcək”, – deyə V.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, artıq avtomobil və dəmir yolu layihələrinin böyük hissəsi tamamlanıb, Araz çayı üzərində İranla bağlantını təmin edəcək körpünün tikintisi isə yekunlaşmaq üzrədir.

“Bu layihələr regionda ticarət, logistika, turizm və minlərlə yeni iş yerinin yaranmasına ciddi təkan verəcək”, – deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vahid-Hacıyev  


Bizi "telegram"da izləyin