Ordu.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada oynadığı rol” adlı beynəlxalq konfransın yekun iclasında bildirib.
Onun sözlərinə görə, platformanın yeni iştirakçıları Bonaire, Sent-Marten, Seneqal və Misir olub.
“Bu günə olan məlumata görə, Qlobal Cənub Gənclər Platformasına dörd yeni dövlət və dənizaşırı ərazi qoşulub və bununla da iştirakçıların ümumi sayı 20-yə yüksəlib”, – deyə o bildirib.
Abbas Abbasov qeyd edib ki, platforma daha geniş beynəlxalq iştirak və əməkdaşlıq hesabına genişlənməyə davam edəcək.
Onun sözlərinə görə, platforma iştirakçı ölkələrin və dənizaşırı ərazilərin maraq, prioritet və gözləntilərini əks etdirən dayanıqlı tərəfdaşlıqların qurulmasının və praktiki təşəbbüslərin həyata keçirilməsinin vacibliyini təsdiqləyir.
İcraçı direktor qeyd edib ki, platformanın ilk rəsmi iclası zamanı iştirakçılar əsas prioritetləri müəyyənləşdirib və təşkilatın fəaliyyətinin inkişafı üzrə növbəti addımları planlaşdırıblar.
Müzakirələr həmçinin iştirakçı ölkələrin gəncləri arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və institusionallaşdırılması məsələlərinə yönəlib.
Abbasov əlavə edib ki, platformanın qarşıdakı mərhələsinin əsas prioritetlərindən biri beynəlxalq təşkilatlar, çoxtərəfli institutlar və vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsi olacaq.
Onun sözlərinə görə, bu, platformanın beynəlxalq səviyyədə tanınmasını artıracaq, gənclərin qlobal qərarvermə proseslərində iştirakını genişləndirəcək, həmçinin birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Ordu.az