Ordu.az xəbər verir ki, bunu "Drees & Sommer" şirkətinin "Integrated Urban Solutions" bölməsinin direktoru Haris Piplas WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, texniki, sosial və iqtisadi aspektləri vahid sistemdə birləşdirmədən şəhərlərin dayanıqlı bərpası mümkün deyil.
"Biz rasional, texniki və maliyyə baxımından reallaşdırılabilən amilləri şəhər mühitinin emosional və insani ölçüsündən ayırmağa yol verə bilmərik", - o bildirib.
Piplas qeyd edib ki, müasir layihələr energetika, nəqliyyat, iqlim və şəhər sosiologiyası sahəsində ekspertlərin iştirakı ilə multidissiplinar yanaşma tələb edir.
O vurğulayıb ki, şəhər mühitinin yenilənməsi real keyslərin təcrübəsinə əsaslanmalı və keçmiş bərpa proseslərinin səhvlərini nəzərə almalıdır.
Haris Piplasın sözlərinə görə, Sarayevo, Mostar və Vukovar da daxil olmaqla, Balkanların təcrübəsi göstərir ki, beynəlxalq strukturlar və yerli iştirakçılar arasında koordinasiyanın olmaması bərpa işlərini əhəmiyyətli dərəcədə ləngidir.
"Beynəlxalq agentliklər və yerli strukturlar arasında kifayət qədər koordinasiya yox idi", - o bildirib.
Piplas əlavə edib ki, analoji çağırışlar Ukrayna da daxil olmaqla, müasir münaqişələrdə də müşahidə olunur və burada şəhərsalma siyasətinə və idarəetməyə yanaşmaların yenilənməsi tələb olunur.
O vurğulayıb ki, effektiv yenidənqurma yalnız prosesin bütün iştirakçılarının vahid idarəetmə və planlaşdırma sisteminə inteqrasiyası şəraitində mümkündür.
Ordu.az