Avropa və Çin Yer kürəsinin maqnitosferini öyrənmək üçün SMILE missiyasını işə salıblar

2026/05/1779284705.jpg
Oxunub: 362     17:42     20 May 2026    
Avropa Kosmik Agentliyi Çin Elmlər Akademiyası ilə birlikdə SMILE kosmik aparatı ilə “Vega-C” daşıyıcı raketini orbitə buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə “Popular Science” jurnalı məlumat yayıb.

Fransa Qvianasındakı Kuru kosmodromundan həyata keçirilən missiyanın məqsədi Günəş küləyi ilə Yer kürəsinin maqnitosferi arasındakı qarşılıqlı əlaqəni öyrənməkdir.

“Solar wind Magnetosphere Ionosphere Link Explorer” (SMILE) layihəsi üç il üçün nəzərdə tutulub. Yaxın bir ay ərzində aparat Şimal və Cənub qütbləri üzərində yerləşən yüksək elliptik orbitə çıxmaq üçün mühərrikini 11 dəfə işə salacaq.

Tam məlumat toplanmasına isə bu ilin iyul ayında başlanacaq. SMILE maqnitosferin müşahidəsi üçün rentgen şüalanmasından istifadə edən ilk missiya olacaq.

Aparatın göyərtəsində dörd cihaz, o cümlədən rentgen və ultrabənövşəyi kameralar yerləşdirilib. Sonuncu cihaz 45 saat ərzində qütb parıltılarını fasiləsiz qeydə almağa imkan verəcək. Alimlər əldə olunan məlumatları birləşdirərək planetin Günəş hissəciklərinin davamlı bombardmanına və tac kütlə atılmalarına necə reaksiya verdiyini anlamağa ümid edirlər.

Astronomlar vurğulayırlar ki, məhz maqnitosfer planetdə həyatı kosmik radiasiya və geomaqnit fırtınalarının dağıdıcı təsirindən qoruyur, lakin onun fəaliyyət mexanizmləri hələ də araşdırma mövzusu olaraq qalır. SMILE missiyası Avropa və Çin alimlərinin beynəlxalq əməkdaşlığı sayəsində bu sahədəki bilik boşluqlarını doldurmağa hesablanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Çin  


Bizi "telegram"da izləyin