“Rusiya Prezidenti heç vaxt açıq rabitə xətti ilə heç kimlə danışmır” - Köçəryan

2026/05/1779284596.jpg
Oxunub: 394     17:33     20 May 2026    
Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Kasaxda jurnalistlərlə söhbəti zamanı hakimiyyət nümayəndələrinin, xüsusilə Alen Simonyanın fəal şəkildə yaydığı, onun Rusiya Prezidentindən Ermənistandan çıxmasına dəstək istədiyi barədə səs yazısının mövcudluğu ilə bağlı məlumatlara münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Erməni siyasətçinin sözlərinə görə, Simonyanın səviyyəsi və tərbiyəsi hər kəsə məlumdur.

Köçəryan xatırladıb ki, onun ölkədən çıxış hüququ çoxdan məhdudlaşdırılmayıb və o, ildə bir neçə dəfə xaricə səfər edir.

Ermənistanın ikinci prezidenti buna görə də Putinin dəstəyinin mənasının nə olduğu sualını verib.

“İnsanların qəribəlikləri və ya psixi pozuntuları adətən yoluxucu hesab olunmur, amma bu halda görünür virus kimidir... Bir-biriləri ilə ünsiyyət qururlar, ötürürlər...”, - deyə Köçəryan Paşinyanın davranışına eyham vuraraq bildirib.

Köçəryan vurğulayıb ki, Putinlə belə bir söhbət heç vaxt olmayıb və həmin səs yazısı süni zəka vasitəsilə yaradılmış ola bilər.

“Rusiya Prezidenti heç vaxt açıq rabitə xətti ilə heç kimlə danışmır”, - deyə o bildirib.

Səs yazısının həqiqiliyi ilə bağlı Paşinyanın açıqlamalarına münasibət bildirən erməni siyasətçi ironik şəkildə qeyd edib ki, Paşinyan hər şeyin “eksperti”dir.

Paşinyanın Rusiya mövzusunda ritorikasının dəyişməsinin səbəbi ilə bağlı suala cavab verən Köçəryan onun hücumlardan sonra “münasibətlərdə problem yoxdur” tipli açıqlamalar verdiyini xatırladıb.

Erməni siyasətçi ehtimal edib ki, Paşinyan ya kiminsə sifarişini yerinə yetirir, ya da kimlərəsə xoş görünməyə çalışır.

“Siz istəyirsiniz ki, mən absurd vəziyyətləri izah edim”, - deyə Köçəryan bildirib.

Bununla belə, o, əmindir ki, belə davranış ölkə üçün böyük problemlər yarada bilər. Köçəryan oxşar ritorikanın ABŞ-yə qarşı səsləndirilməsi halında hansı nəticələrin ola biləcəyini təsəvvür etməyi təklif edib.

Köçəryan xatırladıb ki, Rusiya böyük ambisiyalara malik nəhəng dövlətdir və belə üslubda münasibətlər qurmaq yolverilməzdir.

Ümumilikdə isə Köçəryan Paşinyanı və onun leksikonunu savadsız və zəif inkişaf etmiş hesab etdiyini bildirib və əlavə edib ki, bu baxımdan onunla rəqabət aparmaq mümkün deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin