"Qarabağda ağıllı və dayanıqlı şəhərlər qurulur" - Vüsal Hüseynov

2026/05/14931-1779280583.jpg
Oxunub: 318     16:15     20 May 2026    
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan ağıllı və dayanıqlı şəhərlər inşa edir.

Ordu.az xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O qeyd edib ki, Azərbaycan hazırda Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı yeni reallıqlar yaşayır.

“Ərazilərimizin azad edilməsindən sonra Azərbaycan regionun ən böyük yenidənqurma və inkişaf layihələrindən birinə başlayıb. Tamamilə yeni şəhərlər və yaşayış məntəqələri qurulur”, – deyə o bildirib.

V.Hüseynov vurğulayıb ki, bu şəhərlər ağıllı, dayanıqlı, davamlı və inklüziv urban məkanlar kimi layihələndirilir.

“Biz əminik ki, həmin şəhərlər güclü insan kapitalının formalaşdığı məkanlara çevriləcək və miqrasiyanın inkişaf potensialını maksimum dərəcədə artıracaq”, – deyə Dövlət Miqrasiya Xidmətinin rəisi əlavə edib.

O həmçinin bildirib ki, Azərbaycan miqrasiya və urban inkişaf gündəlikləri arasında sinerjinin gücləndirilməsinə xüsusi önəm verir.

“Azərbaycan əməkdaşlığın inkişaf etdirilməsi və inklüziv idarəetmə çərçivələrinin dəstəklənməsi istiqamətində səylərini davam etdirəcək”, – deyə V.Hüseynov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vüsal-Hüseynov   Qarabağ  


Bizi "telegram"da izləyin