Ordu.az xəbər verir ki, bunu Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərin daha keyfiyyətli məlumatlarla imkanlarının genişləndirilməsi - siyasətin formalaşdırılması və qərarların qəbulu üçün əlçatan və tətbiq oluna bilən məlumatlar" adlı tədbirdə bildirib.
O qeyd edib ki, təşkilatlar üçün konkret problemlər mövcuddur və məlumat təminatçısının perspektivindən bu təşkilatlar arasında aydın əməkdaşlıq olmalıdır: "Bizdə tətbiqlər var, amma onlar hamı üçün deyil. Onlar unikal tətbiqlərdir. Həll var, amma konkret deyil. Effektiv əməkdaşlıq üçün bizə real problemlərə əsaslanan aydın, praktik tətbiqlər lazımdır".
Direktorun sözlərinə görə, onlar Agentlik olaraq əlaqəli təşkilatlar üçün potensialın gücləndirilməsini təmin edə bilərlər: "Milli Aviasiya Akademiyası daxilində müşahidə təlim mərkəzimiz var. O, bütün təşkilatlar üçün açıqdır və uzaqdan zondlama, müşahidə və süni intellekt daxil olmaqla müxtəlif proqram növləri təklif edir. Bizdə məlumatlarla necə işləməyi öyrədən, onlara necə faydalana biləcəklərini, tələblərin nə olduğunu və bu məlumatlardan nə əldə edə biləcəklərini anlamağa kömək edən maarifləndirmə proqramlarımız var".
Ortaq platformaların vacibliyini vurğulayan İ. Baxışov onların məlumat mübadiləsi və standartlaşdırma məsələlərini həll etməyə kömək edə biləcəyini deyib: "Məsələn, bizim vəziyyətimizdə biz hələ milli məlumat infrastrukturunu yaratmamışıq, lakin bu vacib bir hissədir, çünki bütün təşkilatlar eyni standartlarla işləməlidirlər. Məlumat mübadiləsi həmçinin təhlükəsiz olmalıdır ki, bu da eyni dərəcədə vacibdir. Bu gün biz əlaqəli təşkilatlara, xüsusilə yerli dövlət inzibati idarəetmə təşkilatlarına bulud əsaslı platforma və tətbiqlər təqdim edirik. Onlar şəhərin yaşıl zonaları və sanitar təmizlik zonaları ilə bağlı bütün məlumatları idarə edə bilirlər. Beləliklə, bu əslində mümkündür. Lakin bunun işləməsi üçün mövcud olan aydın problemləri anlamalıyıq. Bunu etməklə, inanıram ki, problemi həll edə biləcəyik".
Ordu.az