Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev WUF13 çərçivəsində keçirilən “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusunda tədbirdə deyib.
Millət vəkili vurğulayıb ki, müasir dövrdə media təkcə informasiya mənbəyi deyil, həm də getdikcə daha mürəkkəb informasiya mühitində sosial dayanıqlılığın, beynəlxalq kommunikasiyanın və milli maraqların qorunmasının strateji alətidir.
O, medianın şəhər dayanıqlılığı və mənzil mövzusunun formalaşmasında rolunu dörd əsas istiqamət üzrə ümumiləşdirib:
“Birincisi, media məlumatlandırır. Vətəndaşlar düzgün, operativ və anlaşılan məlumat olmadan şəhər idarəçiliyində səmərəli iştirak edə bilməzlər.
İkincisi, media platformaları müxtəlif tərəfləri birləşdirir və dialoq mühitləri yaradır. Şəhər problemləri çoxölçülüdür və hökumətlər, vətəndaş cəmiyyəti, akademiya, şəhər planlaşdırıcıları, özəl sektor və yerli icmalar arasında əməkdaşlıq tələb edir. Media vasitəsilə formalaşan tərəfdaşlıqlar infrastrukturun inkişafı, fəlakətlərə hazırlıq və mənzil siyasəti kimi sahələrdə mühüm nəticələrə gətirib çıxara bilər.
Üçüncüsü, media hesabatlılığı təşviq edir. Proaktiv jurnalistika bir çox ölkələrdə təhlükəli tikinti praktikasını və mənzilə çıxışda bərabərsizlikləri üzə çıxararaq şəffaflığın və idarəetmənin yaxşılaşmasına töhfə verib.
Dördüncüsü, media innovasiya və həmrəyliyi təşviq edir. Müxtəlif şəhərlərin uğurlu təcrübələrinin paylaşılması dayanıqlı mənzil, yaşıl infrastruktur, fəlakət risklərinin azaldılması və ağıllı şəhərsalma sahəsində yaxşı təcrübələrin yayılmasına xidmət edir”.
Deputat əlavə edib ki, digər mühüm məqam medianın yerli səsləri qlobal platformalara çıxarmasıdır:
“Son araşdırmalara görə, dünyada 5 milyarddan çox insan sosial media və rəqəmsal kommunikasiya platformalarından istifadə edir. Əvvəllər yalnız yerli səviyyədə qalan şəhər müzakirələri indi bir neçə saat ərzində qlobal diqqət çəkə bilir. İcma əsaslı jurnalistika, vətəndaş reportyorluğu və yerli rəqəmsal platformalar əvvəllər şəhər siyasətindən kənarda qalan səsləri gücləndirə bilər”.
R.Nəbiyevin fikrincə, dezinformasiya və qütbləşmə böhranlar zamanı ictimai anlayışı təhrif edə və etimadı zəiflədə bilər.
“Bununla belə, texnologiya təkbaşına kifayət deyil. Şəhər diskursu inklüziv olmalı və qadınların, gənclərin, məcburi köçkünlərin və digər həssas qrupların şəhərlərin gələcəyinin formalaşmasında tam iştirakı təmin edilməlidir. Dünyada 120 milyondan çox insan məcburi köçkün vəziyyətindədir və onların yarıdan çoxu şəhərlərdə sığınacaq axtarır. Azərbaycan da işğal dövründə təxminən bir milyon vətəndaşın öz yurd-yuvasından didərgin düşməsi ilə bağlı mənzil problemləri təcrübəsinə malikdir”, - deyə o diqqətə çatdırıb.
Ordu.az