“The National Interest”: ABŞ İrəvan və Bakı arasındakı sülh razılaşmasının nəticələrini möhkəmləndirməlidir

2026/05/1779272583.jpg
Oxunub: 359     14:21     20 May 2026    
“2025-ci il avqustun 8-də keçirilən sülh sammiti Vaşinqtonu ilk dəfə Cənubi Qafqaz hadisələrinin mərkəzinə çıxardı və Rusiyanın zəifləyən mövqelərinə son zərbə vuraraq ABŞ-nin bölgədə təsir imkanlarının əsasını yaratdı”.

Ordu.az xəbər verir ki, bu fikirlər “The National Interest” nəşrində dərc olunan məqalədə yer alıb.

Məqalədə bildirilir ki, yaxın dövrədək Cənubi Qafqaz Moskvanın təsir zonasında idi və ABŞ Prezidenti Donald Trampın ikinci administrasiyası üçün Ermənistandakı vəziyyət mühüm, lakin kifayət qədər qiymətləndirilməyən uğurun ilk ciddi sınağıdır.

Nəşr qeyd edir ki, Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişi ABŞ-yə iki ölkəni birləşdirən “Trump Route International Passage” (TRIPP) dəhlizi (Zəngəzur dəhlizi-red.) üzərində operativ nəzarət imkanı verib.

“Bu dəhliz hər iki tərəfə fayda verəcək və ABŞ-nin Cənubi Qafqazdakı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Orta Dəhliz Avropanı Mərkəzi Asiya ilə birləşdirən ticarət marşrutudur, eyni zamanda Rusiya, Çin və İrandan keçir. Bu marşrut xüsusilə əhəmiyyətlidir, çünki Mərkəzi Asiya dünyada istifadə olunmamış ən böyük nadir torpaq metalları ehtiyatlarından bəzilərinə sahibdir”, - deyə müəllif qeyd edib.

Məqalədə ABŞ-nin hazırda nadir torpaq metalları tədarükündə təxminən 70 faiz Çin asılılığında olduğu və Pekinin bu asılılıqdan artıq ticarət mübahisələrində vasitə kimi istifadə etdiyi vurğulanıb.

Nəşr hesab edir ki, İrəvanın itirilməsi halında TRIPP bağlanacaq.

Məqalədə qeyd olunur ki, ABŞ-nin Rusiya ilə mübarizədə Ermənistanda çox ciddi üstünlüyü var və bu üstünlük erməni xalqıdır.

“Ermənilər Rusiyanı Qarabağ üzərində Azərbaycanın nəzarət qurduğu vaxt kənarda qalmasına görə bağışlamayıblar. Vaşinqtonun bu dönüşü geri dönməz etmək üçün bütün zəruri rıçaqları mövcuddur”, - deyə məqalədə bildirilib.

Məqalədə ABŞ-nin TRIPP ətrafında strateji tranzit tərəfdaşlığı formalaşdıra biləcəyi, eyni zamanda Ermənistanda inkişaf edən süni zəka və texnologiya sektoruna dəstək verə biləcəyi qeyd olunub.

“Buradakı hər bir perspektivli investisiya və əməkdaşlıq ikili rol oynayacaq, ermənilər üçün iqtisadi fayda təmin edəcək, Moskva üçün isə geosiyasi təcridin dərinləşməsinə səbəb olacaq”, - deyə nəşr yazıb.

Məqalənin sonunda bildirilir ki, Vaşinqtonun sülh razılaşmasının nəticələrini möhkəmləndirmək və Cənubi Qafqazı Qərbin təsir zonasında saxlamaq üçün hələ vaxtı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin