DW: Ankara Bakı ilə koordinasiyalı hərəkət edir, Ermənistanla bağlı yeni qərarın arxasında nə dayanır?

2026/05/1779266705.jpg
Oxunub: 414     12:41     20 May 2026    
Ankara İrəvanla ticarət məhdudiyyətlərini aradan qaldıraraq ikitərəfli yükdaşımalar sənədlərində Ermənistanın son təyinat məntəqəsi və mənşə ölkəsi kimi göstərilməsinə rəsmi şəkildə icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə DW nəşri “Ankara Bakı ilə koordinasiyalı hərəkət edir, Ermənistanla bağlı yeni qərarın arxasında nə dayanır?” başlıqlı mqəaləsində yazıb.

Nəşrə görə, artıq Avropa İttifaqı və ABŞ tərəfindən də müsbət qarşılanan bu qərar Ermənistanda birbaşa ticarət əlaqələrinin qurulması istiqamətində atılmış addım kimi qiymətləndirilib.

“Bununla belə, sərhədlərin real açılmasından hələ söhbət getmir. Malların fiziki tranziti əvvəlki kimi qonşu Gürcüstan ərazisi ilə həyata keçiriləcək. Qərar həmçinin Ankaranın mövqeyinin yumşalması anlamına gəlmir. Türkiyə hələ də Ermənistanla münasibətlərin normallaşdırılmasını birbaşa Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir.

Ermənistan və Türkiyə arasında ticarətlə bağlı prosedur məhdudiyyətlərinin aradan qaldırıldığını mayın 13-də Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan açıqlayıb. O, bunu “biznes üçün yaxşı xəbər” adlandırıb.

Rubinyanın sözlərinə görə, artıq gömrük baxımından ticarət üçüncü ölkələrdə sənədlərin yenidən rəsmiləşdirilməsinə ehtiyac olmadan birbaşa həyata keçiriləcək”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, əvvəllər Türkiyə qanunvericiliyi Ermənistana təyinat ölkəsi kimi istinad etməyə imkan vermirdi.

“Bu sxemi Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşlər zamanı izah edib. Onun sözlərinə görə, Türkiyədən gələn mallar əvvəlcə sənədlərdə üçüncü ölkəyə ixrac kimi rəsmiləşdirilir, daha sonra həmin ölkədə yenidən sənədləşdirilərək Ermənistana göndərilirdi. İndi isə gömrük bəyannamələrində Ermənistan alıcılarını birbaşa göstərmək mümkündür.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, indiyədək Gürcüstanda həyata keçirilən tranzit gömrük rəsmiləşdirmə sxemi biznes üçün əlavə maliyyə yükü yaradırdı və bu da məhsulların erməni istehlakçısı üçün bahalaşmasına səbəb olurdu. Nazirin sözlərinə görə, bundan sonra həmin mexanizm tətbiq edilməyəcək.

Eyni zamanda o əlavə edib ki, fiziki olaraq sərhəd hələ də bağlıdır və tranzit yenə Gürcüstan üzərindən davam edəcək. Mirzoyan açıqlayıb ki, gömrük baxımından Türkiyədən Ermənistana idxal “birbaşa” olacaq. O vurğulayıb ki, bu addım qiymətlərin aşağı düşməsinə səbəb olmalıdır. Nazir gələcəkdə sərhədin yüklərin fiziki hərəkəti üçün də açılacağına ümid etdiyini bildirib”, - deyə məqalədə bildirilib.

Nəşr vurğulayıb ki, yeni iş formatına hazırlıq Ermənistanın dövlət qurumları tərəfindən də təsdiqlənib.

“Ermənistan Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyi bürokratik hazırlıq işlərinin başa çatdığını açıqlayıb. Türkiyə tərəfdən isə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncu Keçeli çıxış edib. O bildirib ki, birbaşa ticarətin başlanması 2022-ci ildən planlaşdırılır və bu addım etimadın möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin nəticəsidir.

Rəsmi qurumların müsbət siqnallarına baxmayaraq, ekspertlər məsələyə regional geosiyasi kontekstdə baxmağa çağırırlar. Ankaranın bu addımı Azərbaycanın son taktikasının demək olar ki, güzgü əksidir. Belə ki, Bakı da Ermənistanla birbaşa ticarət münasibətlərini rəsmiləşdirib, lakin fiziki logistika yenə Gürcüstan üzərindən və sərhədlər açılmadan həyata keçirilir”, - deyə nəşr qeyd edib.

Erməni politoloq, “Erməni Layihəsi” analitik mərkəzinin rəhbəri Areq Koçinyan hesab edir ki, siyasi dönüş hələ baş verməyib. O bildirib ki, Türkiyə yenidən hərəkətlərini Azərbaycanla koordinasiya edib. Erməni ekspertin sözlərinə görə, Bakı Ermənistanla üçüncü ölkə üzərindən birbaşa sənədləşmə əsasında ikitərəfli ticarətə başlamışdı və Ankara sadəcə eyni sənəd hissəsini tətbiq edib

Koçinyan DW-yə müsahibəsində qeyd edib ki, siyasi baxımdan dəyişiklik yoxdur və Türkiyə Azərbaycan nümunəsini izləyərək Bakının siqnallarını gözləyəcək. Onun fikrincə, bu vəziyyət Ermənistan üçün Türkiyə istiqamətinin müstəqil olmadığını, Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqəli olduğunu açıq şəkildə göstərir.

“Bağlı sərhədlərə və diplomatik münasibətlərin olmamasına baxmayaraq, Ermənistan ilə Türkiyə arasında ticarət vasitəçilər üzərindən olsa da, heç vaxt dayanmayıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Türkiyə məhsullarının Ermənistana idxal həcmi 336 milyon dollar təşkil edib. Bu müddətdə Ermənistanın ixracı isə cəmi 400 min dollar olub.

Bu göstərici 2023-cü ildəki 6.4 milyon dollarla müqayisədə ciddi azalma deməkdir. Ermənistan-Türkiyə sərhədinin tam açılması İrəvanda yalnız iqtisadi deyil, həm də geosiyasi kontekstdə qiymətləndirilir. 90 milyonluq Türkiyə bazarı Ermənistanın iqtisadi əlaqələrinin diversifikasiyası və xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı baxımından Rusiya bazarından asılılığın azaldılması üçün alternativ hesab olunur.

Ermənistanın bu həssaslığına Rusiya Prezidenti Vladimir Putin də aprelin 1-də Nikol Paşinyanla görüşündə toxunub. Putin Ermənistandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının illik həcmini konkret rəqəmlərlə qeyd edib”, - deyə nəşr yazıb.

Müəllif bildirib ki, bununla belə, ekspertlər Türkiyə bazarının Rusiya bazarını tam əvəz edə biləcəyinə şübhə ilə yanaşırlar.

“Amberd” araşdırma mərkəzinin əməkdaşı, erməni iqtisadçı Anna Paxlyan bildirib ki, Ermənistanın ixrac strukturunda Türkiyənin özü istehsal edə bilmədiyi və ya təmin etmədiyi rəqabətqabiliyyətli məhsullar yoxdur.

Onun sözlərinə görə, iki ölkə oxşar iqlim şəraitində yerləşdiyi üçün kənd təsərrüfatı məhsullarının çeşidi böyük ölçüdə üst-üstə düşür. Paxlyan eyni zamanda proqnozlaşdırıla bilən hüquqi mühitin və aydın oyun qaydalarının olmamasını ciddi maneə hesab edir.

Erməni iqtisadçı xatırladıb ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına qoşularkən Türkiyə rəsmi qeyd qoyaraq təşkilat qaydalarını Ermənistana tətbiq etməkdən imtina edib. Onun sözlərinə görə, bu vəziyyət Ankaraya gömrük rüsumlarını istənilən vaxt özbaşına tətbiq etmək imkanı verir.

Paxlyan hesab edir ki, ən optimist ssenaridə belə Ermənistanı Türkiyə ilə ticarətdə “gürcü modeli” gözləyir. Bu modeldə ticarət dövriyyəsinin təxminən 90%-ni Türkiyə idxalı, yalnız 10%-ni isə Ermənistan ixracı təşkil edəcək.

Erməni iqtisadçı qeyd edib ki, Türkiyənin Ermənistan məhsullarına ənənəvi marağı əsasən emal olunmamış dəri və xəzlə məhdudlaşıb.

“İrəvan və Ankara arasında diplomatik münasibətlər 1991-ci ildən mövcud deyil. 1993-cü ildə Qarabağ uğrunda birinci müharibə zamanı Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistanla quru sərhədini birtərəfli qaydada bağlayıb. İkitərəfli münasibətlərə Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələr də ciddi təsir göstərib.

Son 30 ildə barışığa yönəlmiş bir neçə uğursuz cəhddən sonra mövcud normallaşma prosesi 2021-ci ilin sonunda başlayıb. 2023-cü il yanvarın 1-dən birbaşa hava yükdaşımaları fəaliyyətə başlayıb. Bununla belə, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün quru sərhədinin açılması kimi mühüm razılaşmalar hələ də kağız üzərində qalır. Tərəflər hələ də Gümrü-Qars dəmiryolunun açılmasını müzakirə edirlər.

Mayın əvvəlində isə Ani tarixi körpüsünün bərpası ilə bağlı protokol imzalanıb, lakin praktiki işlərin başlanma müddəti hələ müəyyən edilməyib. Hazırda Ermənistanda bir çoxları Ankaranın bu qərarının sərhədlərin yekun açılmasının siqnalı, yoxsa sadəcə taktiki diplomatik addım olub-olmadığını soruşur.

Politoloq, Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş baş müşaviri Arsen Xaratyan ikinci varianta üstünlük verir”, - deyə nəşr bildirib.

Xaratyan DW-yə açıqlamasında bildirib ki, son iki ildə ilkin razılaşma əldə olunan əsas məsələlər. məsələn, üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması həyata keçirilməyib.

Onun fikrincə, bu addım daha çox irəliləyiş görüntüsü yaratmağa yönəlmiş PR xarakterli addımdır və sərhədin açılması ilə birbaşa əlaqəli deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin