“Hetq”: Ermənistan-Azərbaycan sərhədinin delimitasiya xəritəsinin hazırlanması ilə bağlı detallar məlum olub

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 401     12:32     20 May 2026    
“Ağörəndə (Ağverən) aprelin 29-da keçirilən görüş zamanı Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları delimitasiya işlərinin həyata keçirilməsi qaydalarına dair 3 təlimat layihəsinin mətnini razılaşdıraraq qarşılıqlı şəkildə mübadilə edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşrə görə, tərəflər təlimatların təsdiqlənməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

“Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan hökumətləri müvafiq qərarlarla həmin təlimatları təsdiqləməlidir. Beləliklə, Ermənistanın hüquqi akt layihələrinin dərc olunduğu “e-draft.am” saytında mayın 15-dən 31-dək həmin 3 təlimatın təsdiqi ilə bağlı hökumət qərarı layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihə Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb.

Delimitasiya prosesi 2024-cü ilin yazında başlayıb

Xatırladaq ki, 2024-cü il avqustun 30-da hər iki tərəfin komissiyaları birgə fəaliyyət haqqında əsasnaməni imzalayıb. Sentyabr ayında Konstitusiya Məhkəməsi sənədin Ermənistan Konstitusiyasına uyğun olduğunu tanıyıb, parlament isə həmin ilin oktyabrın 23-də onu ratifikasiya edib.

Ancaq bu razılaşmadan əvvəl. 2024-cü il aprelin 19-da tərəflər artıq Tavus istiqamətində Bağanis-Bağanis Ayrım, Voskepar-Aşağı Əskipara, Günən-Xeyrimli və Berkaber-Qızılhacılı sahələrində delimitasiya prosesinə başlayıblar”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, bu addım xüsusilə Tavus sakinləri arasında böyük etiraz dalğasına səbəb olub və daha sonra “Vətən naminə Tavus” adlı geniş etiraz hərəkatına çevrilib.

“Başqa sözlə, delimitasiya prosesi komissiyaların birgə fəaliyyət əsasnaməsinin təsdiqini gözləmədən başlanıb. Üstəlik, təkcə delimitasiya, yəni xəritə üzərində sərhədin dəqiqləşdirilməsi deyil, həm də demarkasiya həyata keçirilib.

Bu isə sərhədin real ərazidə çəkilməsi, sərhəd dirəklərinin quraşdırılması, tikanlı məftillərin çəkilməsi və Günən kəndi yaxınlığında divarın inşası deməkdir. Həyata keçirilən demarkasiya zamanı Ermənistan ordusu qeyd olunan 4 sahədə geri çəkilib.

2024-cü ilin yazında başlayan bu prosesin ümumi qiymətləndirilməsi ondan ibarətdir ki, proses Azərbaycanın hərbi-siyasi təzyiqi şəraitində baş verib. Bu barədə Ermənistanın mövcud hakimiyyəti də Tavus vilayətinin sakinləri ilə görüşlər zamanı dolayı şəkildə danışıb.

Ekspert qrupları nə edəcək və delimitasiya xəritəsi necə olacaq?

Razılaşdırılmış təlimatlara əsasən delimitasiya üzrə ekspert qrupları yaradılacaq. Bununla belə, qeyd olunur ki, oxşar qrup ən azı Ermənistan tərəfində 2 il əvvəl də mövcud olub. Belə ki, 2024-cü il aprelin 22-də Baş nazir Nikol Paşinyan Ermənistan komissiyasının nəzdində işçi qrupunun yaradılması barədə qərar qəbul edib”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, həmin qrup geodeziya ölçmələri nəticəsində ərazidə koordinatları dəqiqləşdirməli idi və delimitasiya ilə demarkasiya da məhz bu koordinatlar əsasında aparılmalı idi.

“Qrupa Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, Kadastr Komitəsinin rəsmiləri, həmçinin geodeziya və kartoqrafiya üzrə mütəxəssislər daxil edilib. Yaxın vaxtlarda formalaşdırılacaq ekspert qrupları komissiyalara tabe olacaq. Ekspertlər bütün aidiyyəti xəritə sənədləri, normativ-hüquqi aktlar və hüquqi əsaslandırılmış digər sənədlərlə işləyəcəklər.

Buradan belə nəticə çıxır ki, xəritələr və hüquqi sənədlərin istifadəsinə dair məhdudiyyət yoxdur. Qruplar həmçinin Yer səthinin məsafədən zondlanması, yəni sərhəd xəttinin kosmik çəkilişi və ya pilotsuz uçuş aparatlarından aparılan aerofoto çəkiliş materiallarının əldə olunması və işlənməsi istiqamətində texniki işlər görəcəklər.

Bundan əlavə, delimitasiya işləri dövründə ümumi, yəni dövlət sirri təşkil etməyən geodeziya bazası yaradılmalı, topoqrafik və geodeziya işləri aparılmalıdır. Xüsusilə sərhəd xəttinin bütün uzunluğu boyunca əraziyə baxış keçirilməli, sərhəd xətti razılaşdırılmalı, delimitasiya xəritəsinin layihəsi hazırlanmalı, dövlət sərhədinin təsviri layihəsi tərtib edilməlidir.

Delimitasiya xəritəsində razılaşdırılmış dövlət sərhədi qırmızı qalın xəttlə göstəriləcək. Xəritə sərhədin bütün uzunluğunu və hər iki tərəfdən 3 kilometr enində ərazi zolağını əhatə etməlidir. Xəritənin bütün vərəqləri albom formasında hazırlanacaq”, - deyə müəllif yazıb.

Məqalədə qeyd edilib ki, vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsindən, qərbdən şərq istiqamətində başlayacaq.

“Başqa sözlə, albomda əvvəl Tavus, sonra Göyçə, Dərələyəz və sonda Zəngəzur istiqamətində delimitasiya edilmiş sahələrin xəritələri yer alacaq.

Xatırladaq ki, 2025-ci il yanvarın 16-da iki komissiya dövlət sərhədinin kompleks delimitasiya işlərinə şimal hissədən, yənhi Ermənistan-Azərbaycan-Gürcüstan sərhəd qovşağından başlamaq və cənuba doğru Ermənistan-Azərbaycan-İran sərhəd qovşağınadək davam etdirmək barədə razılığa gəlib.

Delimitasiya xəritəsinin albomu iki nüsxədə hazırlanacaq və hər birində erməni, azərbaycan və rus dilləri olacaq. Eyni qaydada Ermənistan-Azərbaycan dövlət sərhədinin tam təsvir protokolu da hazırlanacaq. Həmin sənədlər Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə ediləcək. Delimitasiya xəritəsinin əsası 1:25000 miqyaslı işçi xəritə olacaq.

Bu xəritə dövlət sərhədini əks etdirəcək və ekspertlərin delimitasiya işləri üçün əsas rolunu oynayacaq. Komissiyaların razılığı ilə zərurət yaranarsa dövlət sərhədinin ayrı-ayrı hissələri üçün daha iri miqyaslı xəritələr də hazırlana bilər. İşçi xəritə “ArcGIS” və “Panorama” proqram komplekslərində və ya komissiyaların razılaşdırdığı digər proqram təminatı ilə hazırlanacaq.

Baş nazirin ofisinin mövqeyi: 2024-cü il ilə indiki proses arasında ziddiyyət yoxdur

Ermənistan komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryandan “Hetq” nəşri soruşub ki, hazırda delimitasiya xəritəsinin hazırlanması üçün təlimat hazırlanması ilə 2024-cü ildə belə təlimat olmadan Tavus istiqamətində delimitasiya və faktiki demarkasiya aparılması arasında ziddiyyət varmı?”, - deyə nəşr vurğulayıb.

“Hetq” qeyd edib ki, Qriqoryanın ofisinin rəhbəri Viktoriya Aydinyan suala qısa şəkildə “xeyr, ziddiyyət yoxdur” cavabını verib.

“Heç bir əsaslandırma təqdim olunmayıb.

Qeyd edək ki, Bağanis-Bağanis Ayrım, Voskepar-Aşağı Əskipara, Günən-Xeyrimli və Berkaber-Qızılhacılı sahələrinin delimitasiyası Ermənistan Xarici İşlər Nazirliyinin 2024-cü ilin mayında yaydığı məlumata əsasən SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun aparılıb.

Həmin xəritə 1979-cu ildə növbətçilik prosedurundan keçib.

Ancaq əgər 2024-cü ildə Ermənistan XİN geodeziya ölçmələri ilə dəqiqləşdirilmiş koordinatlar və qeyd olunan sovet xəritəsi əsasında tərəflərin həmin 4 sahədə Ermənistan-Azərbaycan sərhəd xəttinin təsvir protokolunu SSRİ-nin dağılması zamanı mövcud olmuş hüquqi əsaslandırılmış inzibati sərhədə uyğunlaşdırdıqlarını bəyan edirdisə, indi təqdim edilən 3 təlimatda və 2024-cü il avqustun 30-da imzalanmış birgə fəaliyyət əsasnaməsində SSRİ dağılan zaman mövcud olmuş Ermənistan-Azərbaycan sərhədinin bərpası ilə bağlı heç bir müddəa yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Delimitasiya  


Bizi "telegram"da izləyin