Rusiya Ukraynaya yeni zərbələr endirib, ölən və yaralananlar var

2026/05/1779265610.jpg
Oxunub: 466     12:25     20 May 2026    
Rusiya mayın 20-nə keçən gecə Ukraynanın müxtəlif bölgələrinə növbəti zərbələr endirib, nəticədə ölən və yaralananlar olub, yaşayış binaları dağılıb.

Ordu.az xəbər verir ki, Dnepr şəhərində iki nəfər ölüb, daha altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında yaralananlardan beş nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Məlumata görə, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Qanja qeyd edib ki, gecə hücumu nəticəsində ərzaq anbarı, fərdi yaşayış evləri və bir avtomobil də zədələnib.

Zaporojye vilayətində Rusiya zərbəsi nəticəsində dörd nəfər yaralanıb, bir ev dağılıb. Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov sosial şəbəkələrdə yaralananlar arasında 2 yaşlı oğlan uşağı və 12 yaşlı qızın da olduğunu yazıb.

Fedorovun sözlərinə görə, zərbə fərdi yaşayış evinə endirilib. Tikili dağılıb və hücumdan sonra yanğın baş verib. Partlayış dalğası və qəlpələr nəticəsində yaxınlıqdakı evlər və bir avtomobil də zədələnib. Məlumata görə, Rusiyanın hücumu Sumı vilayətinin Konotop şəhərinə də yönəlib.

Şəhər meri Artem Semenixin çoxmərtəbəli yaşayış binasına zərbə endirildiyini bildirib. O, dağıntılar altında insanların qala biləcəyini istisna etməyib. Daha sonra Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti Konotopa hücum nəticəsində beşmərtəbəli binanın çökdüyünü açıqlayıb. Bildirilir ki, zərbə nəticəsində ikinci və dördüncü mərtəbələr arasındakı örtüklər dağılıb, səkkiz nəfərin yaralandığı məlumdur, üç nəfər isə xilas edilib.

Rusiya pilotsuz uçuş aparatlarının zərbəsi Şostka icmasına da dəyib. Nəticədə rayon xəstəxanasına ziyan dəyib, inzibati binaların, evlərin və mənzillərin pəncərə şüşələri sınıb, muzey dağılıb. Odessada isə Rusiya hücumu nəticəsində bir neçə yaşayış evi və avtomobil zədələnib, birmərtəbəli tikili tamamilə dağılıb. Bu barədə Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lisak və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin