Ukrayna PUA-ları Stavropoldakı kimya zavoduna və Rusiyanın iri neft emalı müəssisəsinə zərbələr endirib

2026/05/1779265459.jpg
Oxunub: 349     12:21     20 May 2026    
Ukraynanın pilotsuz uçuş aparatları Stavropol diyarının Nevinnomıssk şəhərindəki sənaye zonasına və Nijni Novqorod vilayətində yerləşən iri neft emalı müəssisəsinə hücum edib.

Ordu.az xəbər verir ki, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov hücum nəticəsində ölən və dağıntı olmadığını açıqlayıb.

Bununla yanaşı, şahidlərin yaydığı görüntülərə əsasən sənaye zonasında yanğın baş verib.

“Astra”nın məlumatına görə, yanğın “EuroChem” şirkətinə məxsus “Azot” kimya kombinatının ərazisində qeydə alınıb.

“Reuters”in məlumatına əsasən, müəssisə 2022-2024-cü illərdə artilleriya mərmilərində istifadə edilən partlayıcı maddələrin istehsalı üçün xammal tədarük edib.

Bildirilir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından etibarən zavod yeddi dəfə hücuma məruz qalıb.

Sonuncu hücum 2026-cı ilin may ayında baş verib.

Səhər saatlarında Ukraynanın pilotsuz uçuş aparatları Nijni Novqorod vilayətinin Kstovo şəhərinə də hücum edib.

Vilayət rəhbərliyi hücumla bağlı rəsmi açıqlama verməsə də, yerli sakinlər sosial şəbəkələrdə pilotsuz uçuş aparatlarının uçuşu və sənaye obyektində baş verən yanğınla bağlı görüntülər paylaşıb.

Ukraynanın “Exilenova+” monitorinq layihəsinin təhlilinə görə, hücum LUKOIL şirkətinə məxsus “Nijegorodnefteorqsintez” neft emalı zavodunu hədəf alıb.

Bu müəssisə Rusiyada neft emalı həcminə görə dördüncü, benzin istehsalına görə isə ikinci ən böyük neft emalı zavodudur.

Müəssisə ildə təxminən 5 milyon ton avtomobil benzini, 5 milyon tondan çox dizel yanacağı, 2 milyon tondan artıq mazut və təxminən 500 min ton yol bitumu istehsal etmək imkanına malikdir.

“Reuters”in mənbələri bundan əvvəl aprelin 5-də baş verən pilotsuz uçuş aparatı hücumundan sonra müəssisənin neft emalını müvəqqəti dayandırdığını bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin