Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert, “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında yer alan Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.
Hovhannisyan qeyd edib ki, Nikol Paşinyanın seçkiqabağı əsas istiqamət kimi üç böyük təsirli qüvvənin guya xarici təsir altında olması və Ermənistana qarşı hibrid təsir göstərməsi ideyasını seçməsinin səbəbi real təsir mənzərəsini gizlətməkdir.
Onun sözlərinə görə, məhz Paşinyan və komandası xarici təsir altındadır.
“Hibrid təsir və çirkli texnologiyaların tətbiqi də məhz Paşinyan komandasının xeyrinə həyata keçirilir. Bunun ən yaxşı nümunəsi dünən rusdilli “The Insider” nəşrində yayımlanan material olub. Həmin yazı tamamilə yalan məlumatlardan ibarət idi və hakimiyyət nümayəndələrindən başlayaraq ictimai media tərəfindən yayılıb. Beynəlxalq avro qruplarından SMS-lə idarə olunan dairələrin isterik reaksiyalarını gözləmək lazımdır, lakin bunu ciddi qəbul etmək olmaz”, - deyə erməni ekspert bildirib.
Hovhannisyan vurğulayıb ki, seçki kampaniyasının qarşıdakı həftələrində əsas diqqət erməni faktoruna yönəlməlidir.
Onun fikrincə, Rusiya, Belarus, ABŞ, Avropa və digər guya təsirlər barədə danışılanlar boş söhbətlər və vaxt itkisidir.
Alpər Mövludoğlu
Ordu.az