Ordu.az-ın məlumatına görə, "Gələcəyin dözümlü, dayanıqlı və reinteqrasiya dostu şəhərləri" mövzusuna həsr olunan layihə qlobal miqyasda böyük marağa səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə keçirilən növbəti paralel tədbirində qalib gənclər tərəfdaş qurumlar tərəfindən sertifikat və dəyərli mükafatlarla təltif ediliblər. Səfər proqramı çərçivəsində qaliblərin Dünya Şəhərsalma Forumunun müxtəlif sessiyalarında iştirakı, sərgi pavilyonları ilə tanışlığı, həmçinin Bakının tarixi-mədəni irsini kəşf etmək üçün təşkil olunacaq infoturlarda iştirakı nəzərdə tutulub.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan layihəyə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin "Gənc Könüllülər" İctimai Birliyi tərəfdaşlıq edib.
Dörd ay öncə start götürən layihəyə 70-dən çox ölkədən 300-dən artıq gənc müraciət edib.
Ordu.az