Sabiq erməni XİN rəhbəri: “Bu şəraitdə susmaq Avropanı müşahidəçidən dəstəkçiyə çevirə bilər”

2026/05/1779092846.jpg
Oxunub: 568     10:13     20 May 2026    
“Ermənistanın 2026-cı il iyunun 7-dən sonra yeni siyasi mərhələyə daxil olması ehtimalı yüksəkdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanda akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə və Qərb müşahidəçilərinə ünvanlanan ingilisdilli məqalə yayımlayıb.

Onun sözlərinə görə, məqsəd onların qərəzli yanaşmanı aradan qaldırması, susqunluğu pozması və hakim partiyanın həyata keçirdiyi açıq nifrət və təhdid kampaniyasını, həmçinin hakimiyyət resurslarından sui-istifadəni pisləməsi olub.

Oskanyan bildirib ki, Ermənistan 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərinə 2018-ci ildən sonra vəd olunan demokratik rəqabət mühitində deyil, artan qorxu, təzyiq və siyasi intimidasiya şəraitində yaxınlaşır.

“Bir zamanlar Cənubi Qafqazda “demokratik uğur nümunəsi” kimi təqdim olunan ölkə getdikcə hakimiyyətin inandırma və institutlarla deyil, qorxu, təzyiq və hakimiyyət rıçaqlarından sui-istifadə ilə qorunduğu dövlətə bənzəyir.

Nikol Paşinyanın seçkiqabağı davranışı daha narahatedici, qarşıdurmalı və “demokratik” ölkədən gözlənilən standartlarla açıq şəkildə ziddiyyət təşkil edən xarakter alıb”, - deyə o qeyd edib.

Oskanyanın sözlərinə görə, Paşinyan müxalifət partiyalarının rəhbərlərinə ünvanlanan çıxışında onları “əzəcəyini” və “məhv edəcəyini” bildirib.

O vurğulayıb ki, belə ritorikanın nə demokratik rəqabətdə, nə də konstitusiya quruluşunun qorunmasına cavabdeh olan baş nazirin leksikonunda yeri var.

“Paşinyan digər bir hadisədə Qarabağdan (könüllü-red.) köç etmiş şəxsə “Niyə ümumiyyətlə ölməmisən? Niyə sağ qalmısan?” sualını verib və bununla həmin şəxsin Qarabağdan köç zamanı qalaraq döyüşməli olduğuna işarə edib. Qadın vətəndaşla baş verən ictimai insident də narahatedicidir, Paşinyan həmin qadını təhqir edib və açıq şəkildə alçaldıb. Bunlar təsadüfi hadisələr və ya uğursuz ifadələr deyil, hakimiyyətin şəxsləşdirilməsi, tənqidçilərin qorxudulması və demokratik normalarla uyğunlaşmayan davranış modelinin göstəricisidir”, - deyə Oskanyan bildirib.

Keçmiş erməni nazir qeyd edib ki, bütün bunların fonunda Avropanın susqunluğu diqqət çəkir.

Onun sözlərinə görə, başqa ölkələrdə demokratik geriləmə ilə bağlı açıq danışan Avropa institutları Ermənistana münasibətdə eyni standartları tətbiq etməyə həvəs göstərmir.

Oskanyan hesab edir ki, strateji üstünlüklər və geosiyasi hesablamalar getdikcə obyektivliyin yerini tutur.

“Avropa bu dövrdə açıq və qərəzsiz danışmalı, siyasi ritorikada təmkinə, müxalifətə bərabər münasibətə, fərqli fikirlərin müdafiəsinə, institutlara hörmətə, qanunun aliliyinə və siyasi rəqiblərə qarşı həyata keçirilən bütün addımların şəffaflığına çağırış etməlidir. Aşkar sui-istifadələr fonunda susmaq Avropanı müşahidəçidən həmin proseslərin dəstəkçisinə çevirə bilər. Hökumətlər dəyişir, siyasi reallıqlar inkişaf edir və Avropanın uzunmüddətli münasibəti hər hansı administrasiya ilə deyil, Ermənistan dövləti və erməni xalqı ilə bağlı olmalıdır”, - deyə o vurğulayıb.

Keçmiş erməni nazir qeyd edib ki, əgər Avropa demokratik prinsipləri qısamüddətli geosiyasi maraqlara və siyasi üstünlüklərə qurban verərsə, gələcəkdə formalaşa biləcək siyasi reallıq qarşısında öz etibarını ciddi şəkildə zədələyə bilər.

Onun sözlərinə görə, Brüssel onilliklər ərzində və Avropa vergiödəyicilərinin yüz milyonlarla avrosu hesabına Ermənistanın demokratik inkişafına sərmayə yatırıb, bu sərmayə indi siyasi rahatlıq və seçici yanaşmaya qurban verilməməlidir.

“Əks halda erməni xalqı və gələcək hakimiyyətlər belə nəticəyə gələ bilərlər ki, Avropanın dəstəyi əslində demokratiya, qanunun aliliyi və plüralizm üçün deyil, sadəcə üstünlük verilən siyasi qüvvə ilə uyğunlaşmaq məqsədi daşıyıb. Belə şəraitdə susmaq neytrallıq deyil. Bu, siyasi seçimdir”, - deyə Oskanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oskanyan  


Bizi "telegram"da izləyin