Ermənistan KİV-i: Səhiyyə sahəsində yeni skandal yaranıb

2026/04/1775888747.jpg
Oxunub: 417     09:26     20 May 2026    
Ermənistan Səhiyyə Nazirliyində qanunvericilik dəyişikliklərindən sonra, xəstəxana direktorları üçün tibbi təhsilin artıq məcburi olmadığı bir vaxtda sistemdə diqqətçəkən proses ortaya çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, dövlət tabeliyində olan bir sıra tibb müəssisələrinin direktorları Aleksandr Bazarçyanın rəhbərlik etdiyi Ermənistan Səhiyyə Nazirliyinin “Akademik S. Avdalbekyan adına Səhiyyənin Milli İnstitutu”nun klinik ordinaturasına “İctimai səhiyyə” ixtisası üzrə qəbul olunub.

“Söhbət 1 il 2 ay davam edən əyani təhsildən gedir, halbuki həmin şəxslər eyni zamanda tibb mərkəzlərinə rəhbərlik edir, onların bir qismi isə siyasi fəaliyyətlə də məşğul olur.

“Sağlamlıq hüququ” QHT-nin sədri Anuş Poqosyanın qaldırdığı məsələlərə cavab olaraq, Səhiyyənin Milli İnstitutu tərəfindən belə izah verilib ki, təhsil prosesi “gec saatlarda” və istirahət günlərində təşkil olunur. Lakin bu izah sualları bağlamaq əvəzinə, daha da artırır.

Əgər Aleksandr Bazarçyanın təşkil etdiyi təhsil həqiqətən əyanidirsə, bəs direktorlar xəstəxanaları idarə etməklə yanaşı dərslərə nə vaxt və necə gedirlər? Əgər dərslər iş saatlarından kənarda keçirilirsə, müəllimlər artıq iş vaxtı üçün ayrıca ödəniş alırlarmı, hansı büdcədən və necə rəsmiləşdirilir? Əgər onlar təhsil müəssisəsinə getmirlərsə, peşə ixtisasları necə formalaşır? Aleksandr Bazarçyan bu günədək neçə diplomun verildiyini və təhsil alan şəxslərin əslində hansı ixtisası əldə etdiklərini ətraflı izah etməlidir”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, Ermənistan Səhiyyə Nazirliyi, Səhiyyənin Milli İnstitutu, Dövlət Nəzarət Xidməti və müvafiq nəzarət orqanları bunun həqiqi əyani təhsil olub-olmadığını, yoxsa sistem daxilində kağız üzərində hər şeyin qaydasında görünməsi üçün diplomların formal verilməsi mexanizmi olduğunu aydınlaşdırmalıdır.

“Bu hissə ilə bağlı sorğularımıza cavablar yaxın vaxtlarda təqdim olunacaq”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Səhiyyə  


Bizi "telegram"da izləyin