“Hraparak”: Ermənistanın hüquq-mühafizə orqanları “maska əməliyyatı” ilə bağlı göstəriş alıb

2026/05/1779254561.jpg
Oxunub: 340     09:18     20 May 2026    
Ötən gün səhər tezdən Nikol Paşinyana məxsus media qurumu İrəvanda təxminən 15 ünvanda axtarış aparıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanları gün ərzində hansı cinayət işi çərçivəsində insanların evlərində axtarış aparıldığını açıqlamayıb.

Məlumata görə, axtarışların səbəbinin Paşinyanın bir gün əvvəl yayımladığı “maskalı terrorçular” videosu olduğu və silah-sursat axtarıldığı bildirilib.

Videoda maskalı və avtomat silahlı 5 nəfərin “Qarabağ ləhcəsi”ndə Paşinyana müraciət etdiyi, onun olduğu yerləri bildiklərini və onu cəzalandıracaqlarını dediyi qeyd olunub.

Qəzet yazır ki, video Paşinyanı ciddi şəkildə narahat edib və o, Arabkir rayonunda keçirilən təşviqat kampaniyası zamanı məsələyə toxunaraq həmin şəxslərin tapılacağını bildirib.

“Paşinyan həmçinin “maskaları və avtomatların qundaqlarını uyğun yerlərə yerləşdirəcəyini” deyib. İstintaq Komitəsi isə “bir qrup şəxs tərəfindən qətlin hazırlanması, kompüter sabotajı və odlu silahlarla döyüş sursatlarının qanunsuz dövriyyəsi faktları üzrə” təcili cinayət işi açıb.

Hakimiyyət bu videonu Paşinyanın həyatına təhlükə kimi təqdim etməyə çalışsa da, bir çoxları bunun hakimiyyətin özü tərəfindən təşkil edildiyinə inanır. Məlumata görə, məqsəd müxalifət nümayəndələrinə qarşı həyata keçiriləcək təqibləri legitimləşdirməkdir.

“Hraparak”ın hüquq-mühafizə orqanlarındakı mənbələri bildiriblər ki, artıq genişmiqyaslı həbslərin həyata keçirilməsi və müxalif fəalların həbs olunması ilə bağlı göstəriş verilib.

Mənbələrin sözlərinə görə, sorğular “Vətəndaş Müqaviləsi” partiyasının vəziyyətinin ağır olduğunu göstərir və buna görə də müxalifəti zəiflətmək lazımdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Maska-əməliyyatı  


Bizi "telegram"da izləyin